Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə keçirilən birgə mətbuat konfransında Azərbaycan-Ermənistan normallaşma prosesi, sülh sazişi, nəqliyyat-kommunikasiya layihələri və ATƏT-lə əməkdaşlıqla bağlı mühüm açıqlamalar verib.
Nazir bildirib ki, ötən il Vaşinqtonda keçirilən sammit Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Onun sözlərinə görə, sammitdə qəbul edilən sənədlər arasında liderlərin imzaladığı Birgə Bəyannamə, sülh sazişinin paraflanması, eləcə də Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupu təsisatlarının ləğvi ilə bağlı birgə müraciəti mühüm yer tutur: “Bu proses ötən ilin dekabr ayında ATƏT çərçivəsində tam həll olundu. Minsk qrupu təsisatları ləğv edildi və beləliklə, ATƏT məkanında uzun illər davam edən bir münaqişəyə son qoyuldu. Hesab edirik ki, bu, ötən il ATƏT çərçivəsində baş verən ən mühüm hadisə idi”, – deyə Ceyhun Bayramov bildirib.
“Azərbaycanla Ermənistan arasında faktiki sülh mövcuddur”
XİN rəhbəri vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh hökm sürür: “Ən önəmli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh bərqərar olub”, – nazir qeyd edib.
Bununla yanaşı, o bildirib ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır: “Azərbaycanın mövqeyi dəyişməzdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırıldıqdan sonra yekun sülh sazişinin imzalanması mümkün olacaq”, – Ceyhun Bayramov vurğulayıb.
Nəqliyyat-kommunikasiya layihələri davam edir
Nazir qeyd edib ki, Azərbaycan nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri böyük ölçüdə yerinə yetirib. Onun sözlərinə görə, indi əsas gözlənti Ermənistanda hazırlıq mərhələsinin tamamlanması və tikinti işlərinə başlanmasıdır.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpası regionun iqtisadi inkişafına ciddi təkan verəcək. “Bu layihələr yalnız Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyəcək, həm də bütövlükdə region üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu proses həm Azərbaycan və Ermənistan, həm də daha geniş coğrafiya üçün faydalı olacaq”, – nazir deyib.
O əlavə edib ki, artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması həyata keçirilir və gələcəkdə iki ölkə arasında ticarətin daha da genişlənməsi mümkündür.
ATƏT-dən mina problemi ilə bağlı dəstək gözlənilir
Ceyhun Bayramov çıxışında işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinə də toxunub.
Nazir bildirib ki, ATƏT mina və partlamamış hərbi sursatlarla (PHS) mübarizə sahəsində zəngin təcrübəyə malik beynəlxalq təşkilatdır və bu istiqamətdə Azərbaycana dəstək verə bilər. “ATƏT bu sahədə xüsusi layihələr həyata keçirə bilər. Biz bununla bağlı gözləntilərimizi qarşı tərəfə çatdırmışıq”, – Azərbaycan XİN rəhbəri qeyd edib.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan normallaşma prosesinin davam etdirilməsi və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.