Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin vəkili Cavid Rzazadə çıxış edərək müvəkkili barəsində bəraət verilməsini tələb edib.
Daha sonra təqsirləndirilən şəxs Zeynəb Abdullayeva çıxış edib. O, oğluna bəraət verilməsini istəyib: “Bütün şirkətlərin mənim mülkiyyətimdə olub. Onu məndən ayırmayın. Ya sərbəst buraxın, ya da məni də tutun”.
Proses dekabrın 17-də davam edəcək.
Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.