İntensiv fiziki yüklənmədən sonra edilən səhvlər ürək-damar sisteminə əlavə yük yarada bilər. Bu, xüsusilə ürək xəstəliyindən xəbərsiz olan insanlar üçün təhlükəlidir.
Bunu kardioloq, tibb elmləri namizədi Yevgeni Kokin “Lenta.ru”ya açıqlamasında bildirib.
Mütəxəssis ən çox rast gəlinən səhvin məşqdən dərhal sonra qəfil dayanmaq olduğunu deyib. Onun sözlərinə görə, bu, qan təzyiqinin aşağı düşməsinə, başgicəllənməyə və huşun itirilməsinə səbəb ola bilər.
Kardioloq məşqdən sonra orqanizmin susuz qalmasının, ağrıya baxmayaraq idmanı davam etdirməyin, saunaya getməyin və spirtli içki qəbul etməyin də ürək üçün riskləri artırdığı barədə xəbərdarlıq edib.
Gənclərdə qəfil ürək ölümü hansı əlamətlərlə özünü göstərə bilər?
Gənclərdə huşunu itirmə və qıcolma tutmaları qəfil ürək ölümünün xəbərçisi ola bilər. Bu barədə Piroqov Universitetinin İnnovativ Pediatriya və Uşaq Cərrahiyyəsi kafedrasının assistenti, uşaq kardioloqu Viktoriya Presova NEWS.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, fiziki yüklənmə zamanı və ya dərhal sonra huşun itirilməsi, eləcə də uzun müddət epilepsiya kimi müalicə edilən qıcolma tutmaları daha ətraflı tibbi müayinə üçün əsas olmalıdır.
Mütəxəssis qeyd edib ki, yeniyetmələrin və gənc idmançıların ürək sağlamlığının ilkin yoxlanılmasında 12 aparmalı elektrokardioqramma (EKQ) əsas müayinə üsulu hesab olunur. Şübhəli hallar olduqda isə ürəyin ultrasəs müayinəsi (EXO-KQ) və Holter monitorinqi təyin edilir.
