İçərişəhərin qala divarlarında qədim qəbir daşları tapıldı– Bu daşlar divara necə hörülüb? /FOTOLAR

İçərişəhərin qala divarlarının bərpası zamanı qəbir daşlarından istifadə olunub.

Azpost.info bildirir ki, bu barədə bloqer Vahid Şükürov paylaşımında bildirib.

O, qala divarlarının daşları arasında belə daşların olduğunu aşkar edib.

Fotolarda XIII əsrdə inşa olunmuş İçərişəhər qala divarları sovet dövrünə qədərki  bərpası zamanı zədələnmiş hissələrdən birinin hörgüsündə qəbir daşlarından istifadə olunduğu görünür. Ehtimal edilir ki, bu daşlar vaxtilə şəhərdə yerləşən qədim qəbiristanlıqdan gətirilib. Fotoda  Four Seasons Hotel Baku yaxınlığında yerləşən divar hissəsi əks olunub.

Bir sıra müşahidçilər qeyd ediblər ki, bu qəbir daşları Rusiya imperiyası zamanında Bakıda tikilmiş məşhur Aleksandr Nevski (“Qızıllı kilsə”) kilsənin tikildiyi ərazidən gətirilib.

Bakıda ozaman Aleksandr Nevski kilsəsinin tikintisi üçün seçilən ərazidə yerləşən qədim müsəlman qəbiristanlığı köçürülməyib. Kilsə birbaşa onun üzərində tikilib.  Tarixi faktlara əsasən ərazi seçimi zamanı Kilsənin Persidskaya (hazırkı Muxtarov) küçəsində, 1859-cu ildən bəri dəfnlər üçün istifadəsi dayandırılmış köhnə müsəlman qəbiristanlığının yerində tikilməsi qərara alınıb.

Lakin yerli müsəlman icması və Bakı Şəhər Duması bu qərara 10 il ərzində ciddi etiraz edib. Duma qəbiristanlığın əvəzinə Teatr meydanı, Şamaxı yolu və ya Vağzal meydanı kimi alternativlər təklif etsə də, pravoslav ruhaniləri bu yerləri qəbul etməyib.

1888-ci ildə bünövrə üçün qazıntı işləri aparılarkən ərazidə bir neçə sıra daş sandıq qəbirlər və qədim dəfn izləri aşkar edilib. Lakin bu qəbirlər başqa yerə köçürülməyib. Kilsə elə həmin qədim məzarlığın üzərində ucaldılıb.

 

Çar Rusiyası dövründə İçərişəhər qala divarlarında həm bərpa, həm də ciddi struktur dəyişiklikləri aparılıb.

1864-cü ildə qala divarlarında ilk əsaslı təmir-bərpa işləri həyata keçirilib. 1883-1886-cı illərdə Bakı Şəhər Dumasının qərarı ilə qalanın xarici (ikinci) divarı sökülüb. Bu zaman xarici divarın üzərində olan “Zülfüqar xan” qapısı sökülərək daxili divardakı “Şamaxı qapısı”nın yanına köçürülüb. Beləliklə, bu gün bildiyimiz Qoşa Qala qapıları ansamblı yaranıb.

Bakı hərbi qubernatoru şəhərin müdafiə qabiliyyətini yeniləmək üçün qala divarlarının bəzi hissələrində möhkəmləndirmə işləri aparıb, lakin şəhərin genişlənməsinə mane olduğu üçün xarici divarların tam sökülməsinə nail olub.

1910-cu ilin oktyabrında Bakı şəhər rəisi polkovnik P.İ. Martınov tərəfindən qədim qalaların qalıqlarının dağıdılmasının qadağan olunması və aşınmış divarların təmir edilməsi barədə sərəncam verilib.

Çox guman ki, həmin qəbir daşları da Kilsə ərazisindən gətirilərək divara hörülüb.

Qala divarları bütövlükdə sonuncu dəfə SSRİ zamanında -1952–1957-ci illərdə bərpa olunub.

Daha sonra 2011–2012-ci illərdə divarların şimal-qərb istiqamətindəki təxminən 150 metrlik hissəsi təmir edilib.

2018–2019-cu illərdə Qoşa Qala qapıları və ona bitişik divarların Əziz Əliyev küçəsi tərəfi bərpa və möhkəmləndirmə mərhələsindən keçib. 2020-ci ildə “Qubernator” bağı istiqamətindəki divarların bərpası həyata keçirilib. 2026-cı ilin aprel-may aylarında Kiçik Qala küçəsində (13-14-cü bürclərin kəsişməsində) baş vermiş aşınma ilə əlaqədar beynəlxalq mütəxəssislərin iştirakı ilə yeni bərpa işlərinə başlanılıb.

 

 

 

 

 

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.