İlham Əliyev bir neçə ölkə səfirlərinin etimadnaməsini qəbul edib

22 Noyabr 2021 - 20:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

Səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırlatdı. Dövlətimizin başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu dedi, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd etdi. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.

Səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirildi. Həmçinin Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilən qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu hərəkatın sədri kimi Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin etmək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, “ASAN xidmət”in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirilib.

Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Museveninin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş etib.

Muhammad Tezikuba Kisambira bildirdi ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlətimizin başçısına çatdırıb. O, həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat dedi ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

Səfir Yakubu Santuraki Suleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini dedi, işğal dövründə Nigeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirdi. Dövlətimizin başçısı münaqişənin artıq hərbi-siyasi yollarla həllini tapdığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriyanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib, bunu etimad və dostluq əlaməti kimi qiymətləndirib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin hüquqlarını müdafiə etdiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Yakubu Santuraki Suleymanın səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Səfir Yakubu Santuraki Suleyman Nigeriya Prezidenti Muhammadu Buharinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir Nigeriya və Azərbaycanın həmişə ədalətin tərəfdarı olduqlarını dedi, ölkəsinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu vurğulandı, ticari münasibətləri genişləndirmək üçün imkanların mövcudluğu qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün təqaüd ayırdığını və Nigeriyadan olan tələbələrin bu təqaüd proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil aldıqları vurğulanıb.