Tesla, SpaceX, xAI və bir sıra digər texnologiya şirkətlərinin qurucusu İlon Mask hesab edir ki, təxminən beş ildən sonra süni intellekt ümumi insan zəkasını üstələyəcək və əksər vəzifələri insanlardan daha səmərəli yerinə yetirəcək.
Azpost.info xəbər verir ki, bu barədə The Economist nəşri məlumat yayıb.
Maskın fikrincə, süni intellektin sürətli inkişafı bəşəriyyət böyük böhran və fəlakətlərlə üzləşməyəcəyi təqdirdə texnologiya və iqtisadiyyatda görünməmiş sıçrayışa səbəb ola bilər. “Məncə, süni intellekt təxminən beş ildən sonra ümumi insan zəkasını üstələyəcək. Bu, mənim proqnozumdur. O zaman, bəlkə də insan olmaqdan başqa, süni intellektin insanlardan daha yaxşı bacarmayacağı heç nə qalmayacaq”, – deyə İlon Mask bildirib.
Milyarder hesab edir ki, supergüclü süni intellekt sivilizasiyanın inkişafında yeni mərhələnin başlanğıcı ola bilər. Onun sözlərinə görə, nüvə müharibəsi kimi qlobal fəlakətlər baş verməzsə, bəşəriyyət əksər mal və xidmətlərə çıxışın demək olar ki, məhdudiyyətsiz olduğu “bolluq dövrü”nə qədəm qoya bilər.
Mask qeyd edib ki, əvvəllər süni intellektin riskləri barədə xəbərdarlıqlar etsə də, artıq bu sahənin inkişafını dayandırmağın demək olar ki, mümkün olmadığını düşünür. O bildirib ki, texnoloji tərəqqini tamamilə ləngitmək mümkün olsa belə, bunun bəşəriyyət üçün faydalı olacağına əmin deyil.
Onun fikrincə, süni intellekt və robot texnologiyalarının inkişafı insanların müxtəlif nemətlərə daha geniş çıxış əldə etdiyi yeni bir dövr yarada bilər.
Bununla yanaşı, Mask superintellektə malik süni intellekt sistemləri və robotlar üzərində nəzarətin itirilməsi riskinin də qaldığını vurğulayıb. O hesab edir ki, belə bir təhlükəni tamamilə istisna etmək mümkün deyil və buna görə də əsas məqsəd bu riskləri minimuma endirmək olmalıdır.
Maskın sözlərinə görə, yaxın on il ərzində insanlıq insan zəkasını üstələyən sistemlər üzərində tam nəzarəti itirə bilər.
O hesab edir ki, əsas vəzifə süni intellektin inkişafını dayandırmaq deyil, gələcək sistemlərin düzgün dəyərlər əsasında formalaşdırılmasını təmin etməkdir. Maskın fikrincə, süni intellekt bəşəriyyətin maraqlarını nəzərə almalı, insanların rifahına və inkişafına xidmət etməlidir.
Nadir Talıbov