İman eşqi qəlbimizdə olarsa…

İslam aləmində Məhərrəm ayının özəl yeri vardır və bu haqda ətraflı bəhs etməyə ehtiyac duymuram. Çünki hər kəs gözəl bilir ki, öz çəkisinə görə bu ay bütün mənalarda ağır aydır.

Əziz peyğəmbərimizin (s) sevimli nəvəsi İmam Hüseynin (ə) məhz bu ayda – Aşura günündə şəhid olması 1400 ildir ki, Məhərrəmə xüsusi önəm verməkdə, ona tamam fərqli formada və özünəməxsus şəkildə bir çəki qatmaqdadır. Hələ islama qədər Məhərrəm Allahın haram buyurduğu aylardan biri kimi qəbul edilmiş və bu, müqəddəs kitabımız olan “Qurani-Kərim”də də əksini tapmışdır. Təbii ki, Kərbəla vaqeəsinin Məhərrəmə təsadüf etməsi, Hz.Hüseynin (ə) və onun 72 sədaqətli əqidədaşının şəhadətə yetməsi bu aya bir ayrı cür bənzərsizlik bəxş etməkdədir. Kərbəla qəhrəmanlarının Tarix yazdığı həmin tarixi gündən başlayaraq bütün müsəlman aləmində, xüsusən də bizim ölkəmizdə bu ayın ruhuna rəğmən dini tədbirlər – əzadarlıq məclisləri keçirilmiş və bu ənənə günümüzədək davam etməkdədir. Çağdaş günümüzə kimi, Məhrrəmin fəzilətinə heç bir xələl gəlməməsi və əksinə olaraq ildən-ilə daha geniş formada qeyd edilməsi onu qətiyyətlə deməyə əsas verir ki, bu ənənə qiyamətədək davam edəcəkdir. Çünki Məhərrəm ayı bütün mənalarda haqqın dirənişi və zalımlar üzərində qələbəsi kimi əbədi olaraq yaddaşlara həkk olunub.

Heç kəsə sirr deyil ki, məlum pandemiya ilə bağlı bütün ölkələrdə, həmçinin də bizim vətənimizdə bir sıra kütləvi tədbirlərin keçirilməsi qadağan edilmiş, şəraitə uyğun olaraq gərəkən qərar və tövsiyələr verilmişdir. Təbii ki, bütün bunlar insanların rifahı, sağlamlığı üçün zamanında atılan məcburi addımlardır, həm də müvəqqəti xarakterlidir və ötəridir. Əlbəttə, özümüzün və yaxınlarımızın sağlamlığının qorunmasına hamı kimi bizlər də məsul olmalıyıq, çünki bu, hər birimizin həm vətəndaşlıq, həm də insanlıq borcudur. Bu, bir daha təsdiq edir ki, dünyanı ağuşuna almış qlobal pandemiyanın daha böyük fəlakətlərə gətirib çıxarmaması və tezliklə fəsadlarının aradan qaldırılması hər birimizdən asılı olan bir məsələdir. Odur ki, üzərimizə düşən vəzifələri yerinə yetirmək kimliyindən və sosial mövqeyindən asılı olmayaraq, hamımızı borcu, xoşbəxt gələcəyimizin rifahı naminə vəzifəsi olmalıdır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bizim istəklərimizdən asılı olmayaraq, bu il Məhərrəm ayının pandemiya dövrünə təsadüf etməsi əvvəlki illərlə müqayisədə bir qədər fərqliliklərlə yaddaşlarda qalacaqdır. Bir sıra qadağaların fonunda ənənəvi əzadarlıq məclislərinin keçirilə bilməməsi təbii ki, ağrılı haldır, lakin bunun məqsədli şəkildə edilmədiyi də anlaşıqlı qəbul olunmalı, çıxarılan qərarlara, edilən tösiyələrə də hörmətlə yanaşılmalıdır. Fikrimcə, bunu Allahın təqdiri və növbəti bir imtahanı kimi səciyyələndirməyimiz daha düzgün olardı. Dövlət qurumları tərəfindən edilən tövsiyələri nəzərə alıb, ona müvafiq formada addımlar atmağımız, həm də bizim Məhərrəm ayına sayğımızın bariz nümunəsi kimi xarakterizə oluna bilər. Hələ Sovet dönəmində bütün ciddi qadağalara rəğmən, öz dini ənənələrini qoruyub saxlayan xalqımızın bu imtahandan da ləyaqətlə keçəcəyinə şübhə etməməliyik.

Biz, hamılıqla real vəziyyəti nəzərə alıb, düzgün addımlar atmaqla dini etiqadımızda sabitqədəm olduğumuzu bir daha təsdiq edə bilərik. Biz, o həqiqəti də bilməliyik ki, müvəqqəti məcburi qadağaların mövcudluğu əsla, əzadarlıq məclislərinin keçirilməməsi anlamını özündə ehtiva etmir və bunu yanlış olaraq bu sayaq dəyərləndirmək də yolverilməzdir. Bütün məsçid və camelərdə əzadarlıq saxlanılacaq, dini ayinlər icra olunacaqdır. Müasir texnikanın imkanlarından istifadə etməklə, virtual olaraq (online) bunu canlı olaraq hər kəs evindən, yaxud digər fərqli məkanlardan izləyə bilər. Fərq, yalnız toplam halda bir yerə yığışa bilməməyimizdə olacaqdır. Əlbəttə, qeyd etdiyim kimi, arzuolunan hal olmasa da, bunu özümüzə bir fəlakət, müqəddəs dinimizə sayğısızlıq kimi səciyyələndirməməliyik. Əsas odur ki, iman eşqi ürəklərdən silinməsin, qalan digər şeylər müvəqqətidir, keçib gedəcək…

Ayiq Səmədov,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

190 manat məbləğində birdəfəlik ödənişin verilməsi yekunlaşdırılıb

Sonrakı məqalə

Rusiyada binada baş verən partlayış zamanı ölənlərin sayı artıb –