İndoneziyanın səfiri Lənkəran Universitetində olub –

Tələbələrlə “Sarı gəlin” oxudu, sintezator çaldı (FOTOLAR)
21 Noyabr 2019 - 12:03

 İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani 22-24 noyabr 2019-cu il tarixində  Lənkəranda keçiriləcək İndoneziyanın  Mədəniyyəti Proqramı çərçivəsində  diplomatik qurumun bir qrup əməkdaşı  ilə birlikdə  Lənkəran Dövlət Universitetində  (LDU)  olub.

Bu barədə Azpost.info-ya LDU-nun mətbuat xidmətindən məlumat verilib.

LDU-nun rektoru vəzifəsini icra edən professor  Natiq İbrahimov universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb,  dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

N.İbrahimov bu görüşün LDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafına, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağına ümid etdiyini  bildirib.

Çay süfrəsi arxasında  keçən səmimi və işgüzar söhbət zamanı İndoneziyanın səfiri Hüsnan bəy Fanani  təmsil etdiyi ölkə,onun təhsil şəbəkəsi  haqqında ümumi məlumat verib, xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu  vurğulayıb. Görüşdə o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Natiq İbrahimov və səfir Hüsnan bəy Fanani qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.

Daha sonra  indoneziyalı diplomat LDU-nun Böyük akt zalında  professor-müəllim heyəti və tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. O, İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb. Hüsnan bəy Fanani bildirib ki, Azərbaycan ilə İndoneziya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu gün ölkələrimiz müxtəlif layihələrdə birgə iştirak etməklə dünyada sülh, dözümlülük və demokratiya kimi dəyərləri fəal şəkildə təşviq edirlər.  Səfir bildirib ki, Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir:” İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır”.

Ölkələrimiz arasında təhsil sahəsində də yaxşı əməkdaşlığın olduğunu vurğulayan səfir deyib ki, İndoneziya hər il azərbaycanlı tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. Səfir Azərbaycan ədəbiyyatının klassiklərindən söz açıb,Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Nəiminin ölkəsində tanındığını deyib.

Görüşün ən maraqlı anları  səfir özünün musiqi bacarığını  nümayiş etdirərkən yaşanıb.  Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfir, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını  oxuyarkən  bütün zal ona qoşularaq ayaqüstə bu mahnıları birgə səsləndirib və zalı Azərbaycan sədaları bürüyüb.

Görüşün sonunda İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula görə universitet kollektivinə  minnətdarlığını bildirib.

Sonda Hüsnan bəy Fanani professor-müəllim heyəti və tələbələrlə xatirə şəkilləri  çəkdirib.