İngiltərə qrup qalibi olub, Xorvatiya 1/8 finala yüksəlib –

AVRO-2020
23 İyun 2021 - 01:55

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

Baş tutan qarşılaşmalarla D qrupunda mübarizəyə yekun vurulub. Bununla 1/8 finala yüksələn ilk iki yerin sahibi də bəlli olub.

İlk iki turda 4 xal toplayan Çexiya və İngiltərə “Uembli”də qarşılaşıb. Rəqibini 1 cavabsız qolla üstələyən ingilislər qrup birincisi kimi növbəti mərhələyə adlayıb.

Aktivində 1 xal olan Xorvatiya ilə Şotlandiya Qlazqoda qarşılaşıb. Çexiyanın büdrəməsindən məharətlə yararlanan xorvatlar qələbə qazanaraq ikinci yeri tutublar. Çexiya isə A qrupundakı İsveçrədən sonra qrup üçüncüsü kimi yoluna davam etmək hüququ qazanıb.

Beləliklə, İtaliya, Uels, İsveçrə, Belçika, Danimarka, Niderland, Avstriya, İsveç, Fransa, İngiltərə və Çexiyadan sonra Xorvatiya da AVRO-2020-nin 1/8 finalında iştirak imkanı əldə edib.

Qeyd edək ki, iyunun 23-də E və F qruplarında keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.

AVRO-2020
III tur, 22 iyun
D qrupu
23:00. Xorvatiya – Şotlandiya – 3:1
Qollar:
 Nikola Vlaşiç, 17, Luka Modriç, 62, İvan Perişiç, 77 – Kallum Makqreqor, 42
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Qlazqo. “Hempden Park” stadionu

23:00. Çexiya – İngiltərə – 0:1
Qol: 
Rahim Sterlinq, 12
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
London. “Uembli” stadionu

1 İngiltərə 3 2 1 0 2-0 7
2 Xorvatiya 3 1 1 1 4-3 4
3 Çexiya 3 1 1 1 3-2 4
4 Şotlandiya 3 0 1 2 1-5 1