“İrəvan Qərbdən zəmanət alandan sonra MDB-dən çıxacaq” –SÜLHƏDDİN ƏKBƏR

“Ermənistan KTMT-yə qarşı ilk demarşını ötən ilin dekabrında etdi. Belə ki, İrəvanda KTMT-nin saamitində Ermənistanın baş naziri Nikol Paşinyan qəbul olunan bəyanatı imzalamaqdan nümayişkaranə şəkildə imtina etməklə bu quruma qarşı olduğunu bəyan etdi. İrəvandakı sammit qırılma nöqtəsi idi. Ondan sonra Ermənistanın KTMT tədbirlərinə qatılmaması, təlimlərdə iştirakdan imtina bu siyasətin davamı idi”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Azad Demokratlar Patiyasının (AZDP) rəhbəri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər deyib.

Ekspert Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında yaranan gərginliyi dolayısı ilə İrəvan-Moskva arasında gərginlik sayır: “Nəzərə almaq lazımdır ki, KTMT Rusiyanın patronajlığındakı bir təşkilatdır. KTMT-nin bu günlərdə Minskdə keçirilən sammitində Ermənistan rəhbərliyindən heç kimin iştirak etməməsi İrəvanın bu qurumla bağlı seçim etdiyini göstərir. Çünki bu imtinanı adi bir məmur yox, baş nazir, XİN başçısı, müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi edib. KTMT-də müzakirələrin Ermənistansız keçirilməsi də onu göstərir ki, Ermənistanın qurumu tərk etməsinə KTMT-nin özü də hazırlaşır”.

“Bu plan Ermənistan üçün Qərb tərəfindən çizilib. Düşünürəm ki, İrəvan Qərbdən təhlükəsizliklə bağlı zəmanət almayanadək KTMT-dən rəsmi, hüquqi şəkildə çıxmayacaq. Nəinki KTMT-dən, eyni zamanda, Avrasiya Birliyindən, Gömrük İttifaqından və ümumilikdə MDB-dən çıxmayacaq. Çünki Ermənistanda Rusiyanın təsiri çox böyükdür. Bu gün Ermənistanın sərhədlərini, hava məkanını Rusiya qoruyur, Rusiyanın Gümrüdə hərbi bazası var, strateji iqtisadi sahələrə ruslar nəzarət edir, enerji təminatı Rusiyadan gəlir və Ermənistanda böyük təsirə malik Rusiya “5-ci kolon”u var. Ona görə də Ermənistan Qərbdən tam təminat almalıdır ki, Rusiya ilə bağları qopara bilsin”, – S.Əkbər vurğulayıb.

Anar ABDULLA

Azpost.info

 

 

Əvvəlki məqalə

ABŞ Türkiyəni yeni sanksiyalarla hədələyib

Sonrakı məqalə

“Əli İnsanov andımızı pozdu, salam-kəlamı tapdadı” –