ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ ordusunun İsraildə istifadəsinə dair qanun layihəsi hazırlayır. İran Fələstinin HƏMAS qruplaşmasına dəstək üçün münaqişəyə cəlb olunarsa, Birləşmiş Ştatlar İsrailə ordu göndərəcək.
Azpost.info xəbər verir ki, bu barədə CNN-ə Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol bildirib.
“Ümid edirəm ki, bu qanun layihəsini imzalamaq lazım gəlməyəcək. Lakin Yaxın Şərqdə hər gün daha da pisləşən bir vəziyyət var”, – Makkol deyib.
Onun sözlərinə görə, qanun layihəsinin mətnində İrandan birbaşa bəhs edilməyəcək, lakin “Hizbullah” və digər şiə silahlılarının münaqişəyə müdaxiləsindən danışılacaq. “Bununla belə, əgər İran ordusu birbaşa döyüşə cəlb olunarsa, qanuna bütöv bir dövlət əlavə edilməlidir”, – Makkal hesab edir.
Komitə rəhbəri qanun layihəsini Ağ Evin tələbi ilə hazırlayıb-hazırlamadığına dair suala cavab verməyib. Makkol sənədin hər ehtimala qarşı yazıldığını deyib.
CNN onu da qeyd edir ki, qanun layihəsi ilə bağlı məlumat ABŞ prezidenti Co Baydenin İsrailə səfərə hazırlaşdığı bir vaxtda ortaya çıxıb.
İran HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu dəstəkləyib və müharibə başlayandan sonra İsrail tərəfini Qəzza zolağında quru əməliyyatı planlarından əl çəkməyəcəyi təqdirdə ciddi nəticələrlə hədələyib.
Oktyabrın 17-nə keçən gecə İran XİN ərəb müqavimətinin İsrail hərbçilərinə qarşı önləyici hərəkətlərə hazır olması barədə xəbərdarlıq edib və BMT-nin gücsüz olacağı təqdirdə İran ordusunun münaqişəyə girəcəyini istisna etməyib.
Azpost.info