İran parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib –

Milli Məclisdə görüşlərdə nələr müzakirə olunub? (FOTO)
16 Fevral 2021 - 20:27

Fevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iki ölkənin parlamentləri arasındakı münasibətlərə də toxunan Ziyafət Əsgərov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən söz açıb, pandemiya səbəbindən səngiyən qarşılıqlı səfərlərin pandemiyadan sonra yenidən bərpa olunması zərurətini qeyd edib, müştərək şəkildə həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri ilk növbədə  Azərbaycan xalqını Vətən Müharibəsində əldə etdiyi qələbəyə görə təbrik edərək müharibədə şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyətinə toxunan qonaq İranın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərin bərpasında və yenidən qurulmasında maraqlı olan İran şirkətlərinin təcrübəsindən də söz açan Müctəba Zünnuri bir sıra İran şirkətinin bu layihələrdə iştirak arzusunu dilə gətirib.

Ərazilərin bərpasında digər dost ölkələr kimi İrana da üstünlük verildiyini vurğulayan Ziyafət Əsgərov İran xalqına və rəhbərlərinə bu məsələdə haqqı və ədaləti müdafiə etməklə Azərbaycana dəstək olduqlarına görə bir daha təşəkkür edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvləri – Arzu Nağıyev və Kamal Cəfərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

Fevralın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkələrimiz arasındakı sıx münasibətlərdən söz açan Səməd Seyidov xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının Azərbaycanın haqq işini və öz ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini qeyd edərək bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra təkrar-təkrar verilib. Xüsusilə, noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib. Təsadüfi deyildir ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb.

Görüşdə nümayəndə heyətinin başçısı, İran İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnuri ölkəmizlə hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında İran şirkətlərinin mühüm layihələrlə iştirak etmək arzusunu, işğal dövründə ermənilər tərəfindən dağıdılmış Azərbaycan məscidlərinin bərpasını təmənnasız həyata keçirmək istədiklərini vurğulayıb. Tikinti-quruculuq işləri üçün böyük potensiala malik olduqlarını deyib. Ölkələrimiz arasında inşa olunan nəqliyyat dəhlizlərindən və s. danışıb. Qeyd edib ki, coğrafi mövqeyinə görə Azərbaycan Şərqlə Qərbin ürəyində yerləşir və bu iki qütbü birləşdirə bilər.

Görüş zamanı çıxışlarda Azərbaycan-İran münasibətlərinin inkişafında Ulu öndər Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov Azərbaycanın yenicə dövlət müstəqilliyini qazandığı XX əsrin 90-cı illərində ölkələrimiz arasında dostluq və qardaşlığın təzahürü olan hadisələri yada salıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Elman Nəsirov və Sahib Alıyev əməkdaşlığımızın dünəni və sabahı barədə fikirlərini bölüşüblər.

Sonra İran İslam Şura Məclisinin üzvləri Mahmud Abbaszadə və Əli Əlizadə dostluq və əməkdaşlığa yönəlik xoş sözlərini və təkliflərini çatdırıblar.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.