İran şahının oğlu Rza Pəhləvi:"İrandakı etirazlar atamı devirmiş üsyanı xatırladır"

“İranlı etirazçılar rejimin süqutunun qoxusunu hiss edirlər. Bu, zaman məsələsidir”.

Azpost.info Turan-a istinadən bildirir ki, bu sözləri İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Vaşinqtonda bildirib. Çərşənbə günü Hudson İnstitutunda jurnalistlərin qarşısında çıxışı zamanı o deyib ki, Tehran hökumətini qorxuya salan hazırkı etirazlar klerikal rejimi devirə bilər.

O həmçinin Qərb dövlətlərini etirazları dəstəkləməyə və İran rejiminin nə vaxtsa normal hökumət kimi davranacağına ümid etməməyə çağırıb: “Bu rejimin öz davranışını dəyişməyəcəyini anlamağın zamanı gəldi”.

1979-cu il İran inqilabı nəticəsində devrilmiş şahın oğlu,  59 yaşlı vəliəhd şahzadə deyib ki,  Ukraynanın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra başlayan indiki etirazlar 40 il öncə onun atasını devirən üsyanı xatırladıb. Hazırda Merilenddə yaşayan Pəhləvi İran xalqının azadlıq və demokratiya istəyindən danışıb: “Təəssüf ki, bütün tariximiz boyunca İranda heç vaxt azad seçkilər olmayıb”.

O, minimum itki ilə hazırkı sosial partlayışın öhdəsindən gəlməyin yeganə yolu kimi öz planını təqdim edib. Onun sözlərinə görə, beynəlxalq birlik iranlı işçilərin ölkəni iflic etməsinə imkan yaratmaq üçün “tətil fondu”nu maliyyələşdirməlidir. Qərb hökumətləri də maksimum iqtisadi təzyiq göstərməyə davam etməlidirlər.

İranda KİV-in hazırkı durumundan danışan Pəhləvi deyib ki,  hakimiyyət ölkədə baş verən hadisələr haqda məlumat yayılmasının qarşısını almaq üçün İnterneti bloklayır və KİV-i bağlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-nin qanlı cinayətini radio ilə bütün dünyaya yayan naməlum Qəhrəman –

Sonrakı məqalə

SOCAR-ın vəzifədən çıxarılmış sabiq idarə rəisi tikinti şirkəti açıb