İsaxan İsaxanlı
Prorektor
Xəzər universiteti
Qatar stansiyadan yenicə tərpənməkdə idi ki, 35-36 yaşında, eynəkli, uzunboylu, yaraşıqlı bir oğlan qaça-qaça özünü vaqona saldı. O, əlləri ilə 80-ci illərin məşhur hind aktyorlarının saçlarına bənzəyən uzun qara saçlarını geriyə tumarlayaraq düz mənim olduğum kupeyə yaxınlaşdı. Töyşüyə-töyşüyə salam verdi və çantasını qoyub qarşı tərəfdə oturdu. Kupemiz cəmi ikinəfərlik idi. Hava xeyli isti olduğundan kupenin qapısını açıq qoymuşdum ki, keçiddəki açıq pəncərədən içəri bir az təmiz hava gəlsin. Bir az yol gedəndən sonra birdən yol yoldaşım rəsmi şəkildə ayağa qalxıb: Tanış olmadıq, mənim adım İlyasdır, – deyib əlini uzatdı. Mən də özümü təqdim etdim, çoxdan tanış olan insanlar kimi söhbətə başladıq. Hiss olunurdu ki, İlyas yaxşı ünsiyyət qurmaq bacarığına sahibdir və məndən fərqli olaraq, susmağı deyil, danışmağı üstün tutur. Pəncərədən eşiyə baxdım. Göyün üzünə qara buludlar yığışırdı, havada bir yağış qoxusu vardı. İlyas üzünü mənə tutub: Belə havada nə vurmaq olar!, – deyə xüsusi nida ilə vurğuladı və çantasını eşələməyə başladı. O, çantasından bir az kolbasa, holland pendiri, çörək, 2-3 dənə alma, bir qabda da xeyli soyutma kartof çıxarıb stolun üstünə qoydu. Sonra da bir araq şüşəsi çıxartdı və şüşəni stola elə möhkəm vurdu ki, o biri şeylər az qaldı, yerə tökülsün. Mən də evdən çıxhaçıxda etirazlarıma baxmayaraq, anamım çantama qoyduğu yemək qabını çıxardıb “Vallah, heç bilmirəm, içində nə var, anam zorla qoyub”, – dedim. İlyas özünəməxsus şəkildə: Analar pis şey qoymaz, – deyib qabın ağzını açdı: “Bəh – bəh – bəh, əsl mənim sevdiyim şeydir ki – çüçə qızartması”.
Beləcə, məclisimiz başladı. Mən içmək istəməsəm də, mümkün olmadı, az da olsa, içməli oldum. İlyas isə bir-birinin arxasınca süzür və ləzzətlə içirdi. Artıq iki saata yaxın idi ki, yol gedirdik. Deyəsən, o dəmlənməyə başlamışdı (mən yavaş-yavaş qurdalansam da, faktiki olaraq, o, tək içirdi). İlyas böyük həvəslə tələbəlik illərində başına gələnlərdən maraqlı epizodlar danışır, vaxtın necə keçdiyini hiss etmirdik. Bu zaman iki qız hündürdən danışa-danışa kupemizin önündən keçdi. Qızlardan biri bizə tərəf baxdı və gülərək nəsə dedi. İlyas cəld ayağa qalxıb: İndi gəlirəm, – deyə qızların arxasınca getdi və çox keçmədən geri döndü. Qanıqara idi, deyəsən, qızlardan umduğunu ala bilməmişdi. Gileyli-gileyli dilləndi: “Bunların hamısı belədir. Özlərini qürurlu göstərirlər, amma elə ki işləri düşdü, quzuya dönürlər, ayağına düşüb yalvarırlar, onda da gec olur”. Bu son sözləri İlyas elə bir intonasiya ilə dedi ki, sanki konkret olaraq, kimisə nəzərdə tuturdu. Səhərdən bəri deyib-gülən, heç bir dərdi-səri olmayan bir adam təsiri bağışlayan İlyas bir anın içində tamamilə dəyişdi. Eynəyini çıxarıb kənara qoydu, qəflətən xəyalında canlanmış xatirələrdən can qurtarmaq istəyirmiş kimi, əlləri ilə iki gözünü möhkəm-möhkəm ovuşdurmağa başladı. Ortalığa bir sükut çökdü. İlyas pəncərənin pərdəsini çəkib, fikirli-fikirli eşiyə baxdı, sonra eynəyini götürüb taxdı və sakit-sakit dilləndi: “İndi sənə başıma gələn bir hadisəni danışacam. Bundan lap bir film çəkmək olar. Üstündən, 5-6 il keçsə də bu haqda heç vaxt heç kimə danışmamışam. Görünür, qəlbimi aça biləcəyim bir insana rast gəlməmişəm. Sən birinci adamsan ki, onu sənə danışıram. Bilmirəm niyə birdən-birə ürəyimi məhz sənə açmaq ehtiyacı hiss etdim, yatmaq istəmirsən ki?” Mən: Yox, yox, nə yatmaq, hələ tezdir. Buyur, deyəsən, ürəyin doludur, amma, sən allah, bunu burax, – deyib boşalmaqda olan araq şüşəsini kənara itələdim. İlyas dərindən bir ah çəkdi, eynəyini düzəltdi, əllərini döşündə çal-çarpaz edib sözə başladı:
… Bizim kəndimiz Çimkənd şəhərindən 45-50 kilometr məsafədə yerləşir. Nənəmin dediklərinə görə, əsrin əvvəllərində, Sovet hakimiyyətinin yenicə qurulduğu dövrlərdə bizim ailəmiz: nənəm və onun azyaşlı uşaqları, o cümlədən mənim atam, kulak ailəsi adı altında, Qazaxıstana sürgün edilmiş və Sayram rayonunun Qarabulaq kəndində məskən salmışlar. Mən və qardaşlarım – hamımız bu kənddə dünyaya göz açmışıq.
İlyasın dedikləri mənə çox maraqlı göründü, o sanki mənim nənəmin başına gələnlərdən danışırdı. Odur ki, bir az da həyəcan içində: Davam et, davam et, – deyə yerimi rahatlayıb dirsəkləndim, onun bir sözünü belə qaçırmamaq üçün diqqətlə qulaq asmağa başladım. İlyas mənim marağımı görüb, bir qədər də həvəsləndi və öz hekayətini nəql etməyə başladı:
Kəndimiz Sırdərya çayından ayrılıb gələn Arıs çayının (böyüklərimiz bu çaya Araz deyirdi) sahilində yerləşir. Kəndimizin gözəl mənzərəsi və səfalı yerləri var və mən bəzən ürəyimdə düşünürdüm ki, sürgün edilmiş bir ailənin belə səfalı yerlərdə məskunlaşmasına necə icazə vermişdilər. Bir dəfə bu haqda nənəmdən soruşdum. “Eeeh, ay bala, sən bilməsən, yaxşıdı. Amma indi ki, soruşdun, deyim: “Bizi caley-vətən (nənəm cəlayi-vətən ifadəsini belə tələffüz edirdi) etdikdən sonra əvvəlcə Türkmənistan çöllərinə, ilan mələyən bir yerə göndərdilər. Qaldığımız yerdə nə içməyə su vardı, nə də yeməyə əməlli-başlı bir şey. Bir vedrə sudan ötrü 2-3 kilometr yol gedirdim. Neyləyə bilərdim, uşaqlar körpə idi, hamısı yemək, içmək istəyirdi. Mən hər üç gündən bir o qədər yolu gedib iki vedrə su gətirirdim. Suyu da tez qurtarmasın deyə ehmalla işlədirdim, uşaqlara da ölçü ilə verirdim. Bir yeməkxanada gündüzlər süpürgəçilik edir, qab yuyur, balalarıma çörək pulu qazanırdım. Bax belə, atam-anam, bu zülümnən uşaqlarımı böyütdüm, o birilər oxumasalar da, atanı oxutdum. Sonradan, Stalin öləndən sonra bizi Qazaxıstana köçürdülər, atanı bu kənddəki məktəbə müəllim göndərdilər və ona burda ev tikmək üçün, torpaq sahəsi verdilər. Yavaş-yavaş güzəranımız yaxşılaşmağa başlamışdı. Hayıf ki, atan böyük həvəslə tikdiyi evində xoşbəxt günlər görəmmədi. Elə bil ki fələk bircə onu görürdü, tez-tələsik aparıb gözünə soxdu”. Bu sözləri deyəndə nənəmin gözləri yaşardı. Şalının ucu ilə göz yaşlarını silib sözünə davam etdi: “Eeh, nə bilim, ay bala. Bu da bir həyatdı da. İndi siz xoşbəxt olun. Atanın eləyə bilmədikərini siz eləyin. Atan bu kəndi çox sevirdi. Həmişə deyirdi ki, bu kəndin insanları qədirbilən, xeyrə-şərə yarayan insanlardır. Kəndin camaatı da atana çox hörmət eləyirdi. Atan elə olanda (dünyasını dəyişdiyi gün) nəinki bu kənddən, rayondan da çoxlu adamlar axışıb gəlmişdilər. Ona görə də, mənim sizə vəsiyyətim, ay bala, heç vaxt bu kəndin çörəyini unutmayın”.
Nənəmin bu sözləri ömürlük olaraq yaddaşıma həkk olundu. Universiteti bitirəndən sonra çox yerlər gördüm, şəhərlər, ölkələr gəzdim. Amma bizim doğma kəndimizi heç nəylə müqayisə etmək mümkün deyil. Yaz yenicə girdiyi vaxtlar kəndimiz xüsusilə gözəl olardı. Daimi əsən meh bağımızda, arx boyu sırayla əkilmiş hündür çinar ağaclarının yarpaqlarını yellədir, yarpaqlar sanki rəqs edirdi. Başqalarına adi görünə biləcək bu mənzərə mənə təbiətin ən gözəl mənzərələri qədər zövq verirdi. İndi həyat elə gətirib ki, kənddən bir az uzaq düşmüşəm, tez-tez gedib-gəlmək olmur. Amma imkan düşdükcə, əlbəttə ki getməyə çalışıram və hər dəfə kəndimizə gedəndə mütləq bir vaxtlar oxuduğum məktəbimizə də baş çəkirəm.
***
Novruz bayramı ərəfəsində yenə kəndə getmişdim. Məktəbə getdim. Məktəbimiz kəndin kənarında yerləşirdi. Araz çayının kiçik bir qolu məktəbin lap yanından keçirdi. Bir qədər çayın şırıltısına qulaq asandan sonra kənardan, yol tərəfdən xeyli durub məktəbimizə tamaşa etdim. Məktəbimizə girişdə ikitərəfli sıra ilə düzülmüş sərv ağaclarından orda-burda cəmi bir neçəsi qalmışdı. Onlara nəzər sala-sala taxtadöşəməli dəhlizdən keçib sinfimizin yerləşdiyi səmtə getdim. Elə bil heç bu qədər vaxt keçməmişdi, hər şey öz yerində idi – dərs vaxtı müəllimlərin xəbərdarlığına baxmayaraq, gedib-gələnləri seyr etdiyimiz, bəzi şüşələri qırılmış yekə pəncərələr, arxalığı bitişik ikinəfərlik ağır partalar, qara kvadratşəkilli yazı taxtaları, boyaları tökülmüş mavirəngli divarlar, cır-cır cırıldayan taxta döşəmələr… O unudulmaz məktəb illəri bir anda gözlərimin qabağından kino lenti kimi gəlib keçdi. Birdən, nədənsə, ayaqlarım məni oxuduğum sinfin əks tərəfinə – dəhlizin o başına apardı. Sonuncu pəncərəyə yaxınlaşdım. Gözlərimin önündə qıvrım telləri daim gözlərinin üstünə düşən, uzunboylu, arıqbədənli, şabalıdısaçlı o qızın surəti canlandı…
***
Kəndimizdə bir məhəllə vardı. O məhəllədə yaşayan qızların, demək olar ki, hamısı – Nərminə, Gülarə, Aybəniz, Xalidə, Xəyalə … qəşəng idi. Buna görə də cavanlar o məhəlləyə maraqlı bir ad qoymuşdular – “Hindistan” (həmin dövrdə Hindistan filmləri gənclər arasında çox dəbdə idi və bu filmlərdə baş rollarda çəkilən qızlar həddindən artıq gözəl olurdular).
Bu məqamda özümü saxlaya bilməyib İlyasın sözünü kəsdim: “Qəribədir, bizim kəndimizdə də belə bir məhəllə var və kəndin cavanları, elə eyni səbəbdən, həmin məhəlləyə də “Hindistan” deyirlər. Bu necə ola bilər?” İlyas yarıciddi, yarızarafat cavab verdi: “Bilirsən, o dövrdə SSRİ-nin müxtəlif şəhərlərində eyni memarlıq üslubunda çoxlu binalar tikilirdi, məktəblər, xəstəxanalar bir-birinə oxşayırdı, küçələrin adı, demək olar ki, təkrar olunurdu. Görünür, o dövrün elə cavanları da eşq, məhəbbət məsələsində həmfikir olublar”. Bunu deyib o, sanki, məni inandıra bildiyi üçün, özündən razı halda qımışdı və söhbətinə davam etdi.
Mənim sevdiyim qız da “Hindistanlı” idi. Əslində, o qıza qarşı, nə olduğunu anlamadığım hisslərim, təxminən 6-cı sinifdə başlamışdı. Lakin o hissin, ötəri də olsa, məhəbbət olduğunu 2-3 il sonra anladığıma görə ilk məhəbbətimi də elə o illərə aid edirəm.
Zərifə ilə ayrı-ayrı siniflərdə oxuyurduq. Məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri olan Zərifə kifayət qədər, bəlkə də lazım gəldiyindən də bir az artıq dərəcədə, zirək bir qız idi. Sürətli yerişi, özünəinamlı hərəkətləri, sözlərindəki ötkəmlilik, bir qədər sərt görünüşü, fəallığı, çoxları ilə müqayisədə xeyli geniş dünyagörüşünə malik olması, müəllimlərlə yaxşı münasibətqurma bacarığı nəinki qızları, hətta çox vaxt oğlanları da ondan çəkinməyə məcbur edirdi. Oğlanlarla söhbətində, rəftarında həmişə baş rolda olmağa çalışır və çox halda da, buna nail olurdu. Təbiətində də amiranəlik elementləri hiss edilən Zərifə, üstəlik, həm də sinif nümayəndəsi idi və bu vəzifəsi də ona digərləri üzərində təsirini möhkəmləndirməkdə kömək edirdi. Zərifə mənim ona qarşı başqalarından fərqli münasibətimi hiss etsə də (mən belə düşünürəm), bunu heç üzə vurmur, hərəkətlərində qəti sezdirmirdi. Hətta bəzən mənimlə daha sərt rəftar etməyə çalışır, yanımdan keçəndə üzümə baxmır, salam vermirdi. Bu, əsasən, o vaxtlar olurdu ki, onun yanında rəfiqələrindən kimsə olsun. Amma təkbətək qarşılaşdığımızda, əksinə, mənə baxıb xəfifcə gülümsəyir, üzündəki süni ciddilikdən əsər-əlamət qalmırdı. Ona görə də, ürəyimdə onun da mənə qarşı eyni hisslər yaşadığını düşünürdüm.
***
Beləcə, ürəyimizdəki hisslər heç vaxt açılmadı, bir-birimizdən bircə xoş baxış uma-uma orta məktəbi bitirdik. Mən Almata Dövlət Universitetinə, Zərifə isə Almata Tibb Universitetinə qəbul olunduq. Birinci kursda oxuyarkən, bir neçə dəfə görüşdük. Amma bir gün Zərifə, sanki, qeyb oldu. Onu görmək üçün oxuduğu yerə getsəm də, yalnız uzaqdan görə bildim. Məndən qaçırdı. Bunun səbəbini öyrənməyə çalışsam da, mümkün olmadı. Günlərin birində onu metroda sinif yoldaşım Osmanla birlikdə gördüm. Səmimi münasibətləri gözümdən qaçmadı və mən bir daha onu axtarmadım.
***
İlyas bir az nəfəsini dərdi. Bu zaman bələdçi qız qapını döydü: “Çay istəyirsinizmi?” “Zəhmət olmasa”, – deyib təşəkkür etdim. Çox çəkmədi ki, bələdçi iki stəkan dəmli cay gətirdi. Kupemizi mixək iyi götürdü. İlyas buğlanan stəkanı iki əlinin arasına aldı, burnuna yaxınlaşdırıb içdən qoxuladı və sözünə davam etdi:
Deyirlər ki, bütün sevgi hekayələri bir-birinə oxşayır. Lakin mən fərqli düşünürəm. Hamısının mövzusu eyni – sevgi olsa da, hərəsi bir cür olur. Mənim başıma gələn bu əhvalat inanmıram ki, dünyada kiminsə başına gəlmiş olsun. Mən özüm də hələ buna inana bilmirəm. Bəlkə, sən də inanmayacaqsan. Ancaq bil ki, dediyim və deyəcəyim hər söz, hər cümlə doğrudur, həqiqətdir.
Zərifə ilə ayrılmağımızdan uzun illər keçmişdi. Kəndimizə gəlmişdim. Sərin, sakit bir hava idi. Belə havalarda mən həmişə tez oyanırdım. Tut ağacına qonmuş sərçələrin civiltisi altında, adətim üzrə, sevdiyim şeirlərdən deyə-deyə, zövq aldığım mahnılardan zümzümə edə-edə qapıda gəzişirdim. Bu zaman kiminsə məni çağırdığnı eşitdim. Orta məktəb yoldaşım Osman idi (Yəqin ki, mənim gəldiyimi Alıdan eşitmişdi. Mən dəmiryolu vağzalından taksi ilə gələndə evimizə tərəf dönərkən yolda Alıya rast gəlmişdim. Maşını saxlatdım, görüşdük və bir az ayaqüstü söhbət də etdik). Osman hal-əhval tutduqdan sonra ağır-ağır nəfəs aldi və fikirli halda: Səninlə bir söhbətim var, bir-iki saat vaxtın olarmı?, – deyə soruşdu. Mən: Əlbəttə, gəl evə keçək, – deyə onu içəri dəvət etdim. Osman: Yox, əgər elədirsə, əynini geyin, səninlə bir yerə gedəcəyik, amma xahiş edirəm, hələlik soruşma haraya, – deyib üzümə baxdı. Mən paltarımı dəyişdim, səhər yeməyi yemədən çıxdım. Osmanın gəldiyi taksiyə minib yola düşdük. Bir müddət heç kim dillənmədi, rayon mərkəzinə qədər bir kəlmə belə kəsmədik. Ürəyimdə heç bir fikir olmasa da, Osmanın sifətinə baxdıqca onun çox narahat olduğunu açıq-aydın hiss edirdim. Amma niyə, nə baş vermişdi? O mənə nə deyəcəkdi? Biz hara gedirik? Beynimdə bu və digər bunabənzər suallar yaranır, heç birinə də cavab tapa bilmədiyim üçün sakitcə Osmanın nə vaxtsa söhbətə başlayacağını gözləyirdim. Ancaq o ağzını açıb bir söz də demədi və beləcə, təxminən bir saat lal-dinməz yol getdik.
Nəhayət, taksi dördmərtəbəli bir binanın həyətinə girib dayandı. Düşdük. Osman: Sən burda bir az gözlə, mən indicə qayıdıram, – deyib nəzərlərylə mənə baxdı. Ətrafa nəzər gəzdirdim. Hündür şam ağaclarının üstünlük təşkil etdiyi, hər yanı gül-çiçəklə bəzədilmiş bir park təsiri bağışlayan bu bağ Almata Mərkəzi Klinikasının həyəti idi. Mən başımı tərpədərək razılığımı bildirdim: Yaxşı, amma bir az tez qayıt, – deyib bir az səbirsizləndiyimi də hiss etdirdim. Osman getdi. Mən bağda bir qədər gəzişdikdən sonra həmin yerə qayıdıb skamekalardan birində oturdum. Mənim oturduğum yerdən xəstəxananın əsas binasına girişin pilləkənləri görünürdü. Kimi, nə üçün gözlədiyimi bilmədiyimidən, sadəcə olaraq, vaxtı öldürmək üçün gözlərimi pilləkənə zilləyib gedib-gələnləri seyr etdirdim. Təxminən 15-20 dəqiqə keçmişdi. Pilləkənlərdən enən Osmanı gördüm, o, tək deyildi, yanında xəstəxana paltarında kimsə var idi. Onlar yaxınlaşırdılar. Mən hələ də Osmanın yanındakı o naməlum varlığın kim olduğunu seçə bilmirdim. Onlar mənim oturduğum skamekaya yaxınlaşdılar. Ayağa qalxdım. Yerimdəcə donub qaldım. İlahi, bu, möcüzədirmi, nədir? Bu odurmu? Bəli, bu o idi – Zərifə. Məni dəhşət bürüdü. Bu nədir, mən yuxumu görürəm? Osman məni buraya nə üçün gətirdi, Zərifə niyə burdadır? Beynimdə bir-birinin ardınca yaranan bu suallar məni didib-parçalayırdı. Mənim çaşbaş qaldığımı hiss edən Zərifə: Tanımadın, çoxmu çirkinləşmişəm?, – deyə üzünü mənə tutdu. Mən diqqətlə onu süzdüm. Həddindən artıq arıqlamış, məni bir vaxtlar məftun etmiş o gözlər sanki çuxura düşmüş, bircə dəfə sığallamaq üçün, o uşaq qəlbimlə, həyatımı verməyə hazır olduğum o şabalıdı, dalğalı saçlar bir-birinə dolaşmış, rəngi solmuş, dodaqları qurumuşdu, sözlər ağzından zorla çıxırdı. Mən: Sən elə əvvəlki kimi gözəlsən, – deyib qeyri-ixtiyari onun əlindən tutdum. O, əllərini əlimdən çəkmədi, əksinə, bir qədər də mənə yaxınlaşıb sinəmə sıxıldı. Mən bu məqamda nə etməli olduğumu, nə edəcəyimi, ona necə münasibət bəsləmək lazım gəldiyini bilmir, hər şeyi ani hisslərin ixtiyarına buraxmışdım. Bu zaman Osman saymazyana bir qədər aralandı. Təxminən yarım saat tək qaldıq. Bu yarım saat, əsasən, səssiz, sözsüz keçdi, hər şeyi baxışlar deyirdi. Sonra Osman yaxınlaşdı. Bu müddət ərzində Zərifə tamamilə dəyişmişdi, sanki bir qədər əvvəlki adam deyildi. Üzünü Osmana tutub dedi: “Sən get birbaşa kəndə, mənim paltarımı gətir, mən çıxıram”. Osman: “Sən nə danışırsan, həkimin icazəsi olmadan çıxmaq nədir? Bu, mümkün deyil, həkim icazə verməz, onunla dünən danışmışam, hələ ən azı bir həftə burda qalmalısan”. Zərifə bir qədər ötkəm səslə: Sən get, mən indi həkimlə özüm danışaram, – deyib üzünü mənə tutdu: “Mənimlə həkimin yanına gedərsənmi?” Mən Osmana baxdım. O, başı ilə razılığını bildirdi. Osman: Onda mən burda gözləyirəm, həkim icazə versin, sonra gedərəm, – deyib skamekada oturdu. Zərifə mənim qoluma girdi. Addımlarını elə rahat, elə inamla atırdı ki, kənardan baxan heç kim onun xəstə olduğunu deyə bilməzdi. Biz pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq. Zərifə baş həkimin otağına yaxınlaşıb qapını döydü. İçəri girdik. Zərifə: “Mən hazırda özümü çox yaxşı hiss edirəm, bəlkə də son bir neçə ayda bu qədər sağlam hiss etməmişəm. İcazə versəniz, evimizə getmək istəyirəm”. Baş həkim həm də Zərifəni müalicə edən həkim idi. Zərifə danışdıqca mən həkimin sifət cizgilərinin necə dəyişdiyini görür, onun fikrini üzündən oxumağa çalışırdım. Həkim sanki qarşısında duranın onun xəstəsi olduğuna şübhə ilə yanaşmağa başlamışdı: “Mən səni, doğrudan da, çox yaxşı görürəm. Özünü yaxşı hiss etdiyinə şübhəm yoxdur. Ancaq getmək üçün bir az tezdir. Yaxşı olar ki, bir neçə gün qalasan”. Amma Zərifənin özünəinamlı danışığı, fikrini tamamilə səlis ifadə etməsi və xoş inadı baş həkimi fikrindən döndərə bildi: “Yaxşı, bir halda ki bu qədər istəyirsən, get, amma bir şərtlə ki, üç gündən sonra yoxlanışa gələcəksən”. Zərifə mütləq gələcəyini deyib sevincək halda ayağa durdu və qoluma girdi. Baş həkim stolunun sağ tərəfindəki düyməni basıb tibb bacısını çağırdı: “Zərifənin sənədlərini hazırlayın və evə buraxın”. Biz qapıdan çıxmaq istəyəndə baş həkim: Cavan oğlan, xahiş edirəm, siz bir dəqiqə qalın, – deyə mənə müraciət etdi. Zərifə otaqdan çıxdı, baş həkim mənə əli ilə oturmaq üçün yer göstərdi. O, diqqətlə üzümə baxıb dedi: “Mən sizin kim olduğunuzu soruşmuram. Çünki xəstəm üçün çox vacib və qiymətli biri olduğunuzu dərhal hiss etdim. Zərifə artıq bir ilə yaxındır ki, mənim yanıma gəlib- gedir, müalicə olunur. Bu müddət ərzində birinci dəfə idi ki, onu bu qədər həyat eşqi ilə dolu, bu qədər özünə inamlı görürəm. Açığı, xəstəmin bir saat içində belə dəyişə biləcəyini ağlıma da gətirə bilməzdim. Amma həyatda nələr olmur ki?! Mən Zərifənin bu halına çox sevindim və buna görə sizə minnətdaram. Narahatçılığım, təbii ki, var. Sizdən bircə şey xahiş edirəm. Zərifə çox həssas bir qızdır. Ona görə də həddindən artıq sakit, rahat olmalı və əsəbiləşməməlidir. Xırda bir əsəbilik onu əvvəlki vəziyyətinə sala bilər. İndi sinirlərinə hakim olması Zərifə üçün həyati vacib məsələdir”. Baş həkim ayağa qalxdı, əlini çiynimə qoydu: “Sizə bir daha minnətdaram. Bu, mənim iş telefonum, bu da ev telefonum. Xahiş edirəm, Zərifənin vəziyyətində xırda bir dəyişiklik hiss etsəniz, dərhal mənə məlumat verin”. Mən də ayağa durdum, ona xəstələrinin həyatı üçün bu qədər səmimi narahatçılığına görə təşəkkür etdim və otaqdan çıxdım.
Zərifə məni pilləkənin yanında gözləyirdi. Mən ona yaxınlaşan kimi, yenə dərhal qoluma girdi. Lakin mən bu şəkildə, Osmanın qarşısında özümü narahat hiss edirdim, qolumu onun əlindən çıxartmağa çalışdım. O isə qolumdan daha möhkəm yapışaraq sanki, sən belə şeylərdən narahat olma deyirdi. Biz skamekada oturduq. Saat üç olurdu. Zərifə üzünü Osmana tutdu: “Həkim icazə verdi, evə gedə bilərik. İndi belə edək. Tibb bacısı mənim sənədlərimi hazırlayır, sənədlər hazır olana kimi biz burda gözləyəcəyik. Sən isə bir taksi ilə evə gedib mənim paltarımı gətir. Həm də bir az tez elə. Lap ürəyim partlayır, mümkün olduğu qədər tez burdan çıxmaq istəyirəm”.
Osman taksi tutmaq üçün yola tərəf getdi. Biz tək qaldıq. Zərifə mülayim səslə dedi:
– Bəlkə, bir az gəzişək?
– Sən yorğun görünürsən, otursaq yaxşıdır.
– Yooox, yorğunluq nədir, bu sənə elə gəlir. Mən son vaxtlar özümü bu qədər gümrah hiss etdiyimi xatırlamıram.
Biz ayağa durub gəzişməyə başladıq. Mən, nədənsə, onun nə üçün burda olduğunu, xəstəliyinin səbəbi haqqında heç nə soruşmurdum. Əslində, o da buna imkan vermir, elə hey özünü çox yaxşı hiss etdiyini deyir, xəstə olduğunu qəbul etmək istəmirdi. Birdən o, coşqun bir ehtirasla dilləndi:
– Mən unutmaq istəyirəm, hər şeyi unutmaq istəyirəm. Bu günə qədər olan həyatımı yaddan çıxartmaq, yeni həyata başlamaq istəyirəm.
– Həyatından niyə narazısan ki?
– Sən buna həyatmı deyirsən?
– Məncə, o səni sevir. Bu onun gözlərindən, sözlərindən aydınca görünür.
– Doğru deyirsən, sevir. Amma mən necə, bu sevgini hiss edirəmmi?
– Məncə, o səni hiss ediləcək dərəcədə sevir.
– Eeehh, bircə bilsəydin!
– Nədir səni bu qədər narahat edən?
– Darıxma, hər şeyi sənə deyəcəm. Bütün həyatımı saniyə-saniyə sənə danışacam. Keçən bu illər boyu əsən küləklər içimin təlatümü, yağan yağışlar göz yaşlarım, göydəki o günəşin hərarəti mənim üçün cəhənnəm alovunun ölümcül istisi kimiydi. Elə cəhənnəmdəki kimi, dəhşətli alovun istisində qovrulur, nə ölə bilir, nə də bu əzabdan qurtula bilirdim.
Mən artıq hiss etməyə başlamışdım ki, Zərifə böyük bir çətinlik qarşısındadır. Görəsən, niyə, nə üçün o bu fikirlərini mənə açır, problemlərini mənimlə bölüşürdü? Axı mən onun üçün çoxdan yox olmuşdum, bütün bu illər ərzində biz, bir dəfə də olsa, görüşməmişdik, bir-birimizin həyatımızdan belə xəbərsizdik. Mən öz-özümə bu sualları verir, amma, cavab tapa bilmirdim. Bunları onun özündən də soruşmağa, nədənsə, cürət etmirdim. Ona görə də, böyük intizarla onun sözlərini dinləyir, hər sözünə, ifadəsinə diqqət yetirirməyə çalışırdım. Birdən o elə bil ürəyimdən keçənləri oxudu:
– Yəqin, indi düşünürsən ki, bütün bunların mənə nə aidiyyəti var?
– Açığı, heç belə düşünməyə imkanım da olmayıb, mən sanki yuxudayam. Səninlə görüşəcəyimi, üstəlik, burda, belə bir yerdə görüşəcəyimizi ağlıma belə gətirə bilməzdim. Amma, nə gizlədim, səni görmək çox xoş oldu.
– Doğrudan?
– Məni o unudulmaz məktəb illərinə qaytardın. Dünya nə qəribə yermiş! İllər öncə birdən-birə gələn ayrılıq. İndi də birdən-birə gözlənilməz bu görüş.
– Səninlə razı deyiləm.
– Sən başqa cür düşünürsən?
– Bu sənin üçün gözlənilməz ola bilər, amma mən…
Zərifə sözlərini tamamlaya bilmədi. Osman iri addımlarla özünü bizə çatırdı. Gətirdiyi çantanı Zərifəyə uzatdı. Zərifə çantanı götürdü, üzündə heyifslənmiş bir təbəssümlə, xəstəxanaya tərəf getdi. Bir qədər sonra geri döndü və biz taksiyə oturub ordan ayrıldıq.
***
Bundan sonra, təxminən bir həftə boyunca, biz hər gün görüşürdük; mən onun özünün dəvətiylə, onların evlərinə gedirdim (Zərifə xəstəxanadan valideynlərinin yanına gəlmişdi və orda qalırdı). Valideynləri mənə yaxşı münasibət bəsləyirdilər. Hiss edirdim ki, bizim münasibətlərimiz haqqında (daha doğrusu, Zərifənin mənə qarşı münasibəti haqqında) onların məlumatı var.
Bir dəfə səhər təxminən saat 11-də onlara gəldiyim zaman Zərifə geyinib-gecinib məni gözləyirdi. Anası narahat halda dedi: “Heç olmasa, sən ona başa sal ki, hələ tam yaxşılaşmayıb, bu vəziyyətdə harasa getmək olmaz”. Lakin Zərifə: Buraxın məni xəstə hesab etməyinizi, artıq hər şey geridə qaldı, – deyə evdən çıxmaqda israrlı olduğunu göstərdi və məndən xahiş etdi ki, bir maşın tapım. Sinif yoldaşım Alıgilə gəldim, yarım saat keçmədi ki, artıq biz Zərifəgildəydik. Alı bizi Çimkəndə qədər gətirdi. Zərifənin xahişi ilə biz Abay adına parkda – Böyük Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış heykəlin yaxınlığında maşından düşdük. Təxminən 10 dəqiqə piyada getdikdən sonra üçmərtəbəli bir binaya yaxınlaşdıq.
***
Bura ailə yataqxanası idi. İşlədiyi zavoddan Osmana burada ikiotaqlı mənzil vermişdilər. İçəri keçdik. Gənc bir ailənin yaşaması üçün içində hər şey vardı: kiçik mətbəx, ikinəfərlik çarpayı, bir yazı masası, paltar şkafı, güzgü… Buna baxmayaraq, otaqlarda həyat izi hiss olunmurdu. Mənim diqqətlə baxdığımı görən Zərifə: “Bu mənzili Osmana zavoddan veriblər, amma biz burda qalmırdıq, hər gün evə gedib-gəlirdik. Hər ehtimala qarşı, bura da durur”. Sonra da birdən: Görürsən ki, lazım gəlir, – deyə gülümsəyərək mənə sıxıldı. Biz çarpaynın üstündə oturduq. Zərifə: Yəqin düşünürsən ki, səni buraya niyə gətirmişəm, ümumiyyətlə, səni niyə çağırtdırmışam, eləmi?, – deyib sözünə davam etdi. “Səninlə bir məsələ haqqında danışmaq istəyirəm. O gün, düz on üç il əvvəl Opera və Balet teatrının yanında səni o qızla görəndən sonra hər şey mənim üçün mənasını itirmişdi. Ürəyimlə bacarmaq çətin olsa da, qürurumu sındırmaq istəmirdim. Səni unudacağıma öz-özümə söz verdim. Heç o vaxt sən düşünmədinmi ki, mən niyə birdən-birə yox oldum. Heç məni axtarmadın da! Eh, indi bunların nə mənası var ki?! Bir müddət sonra sənin o qızla ayrıldığını eşitsəm də, özümü təhqir olunmuş hesab edirdim. İndi o günlərə dönə bilsəydim, qürur, şərəf deyə bir şey düşünməz, mənə dönməyin üçün hər şeyimdən keçərdim… Amma həyat başqa cür gətirdi. Elə o vaxtlar Osman, ayrıldığımızı duyub, tez-tez bizim instituta gəlir, mənə nəvaziş göstərirdi. Mən isə ona, sadəcə olaraq, bir orta məktəb yoldaşım kimi baxır və dediyi sözləri qəti ciddiyə almırdım. Getdikcə görüşlərimiz sıxlaşmağa başladı. Biz, demək olar ki, hər gün görüşürdük. Osman mənimlə gözləmədiyim qədər nəzakətlə davranır, bütün hərəkətlərinin, sözlərinin səmimiyyəti heç bir şübhə doğurmurdu. Bir müddət keçdi. Elə olmuşdu ki, deyəsən, mən də onu görməyəndə darıxmağa başlamışdım. Onu sevdiyimi düşünürdüm və bir gün təklifinə razılığımı bildirdim – biz nişanlandıq. Cəmi beş ay nişanlı qaldıqdan sonra evləndik. Elə o gündən də mənim həyatım cəhənnəmə döndü”.
Zərifə ayağa durub mətbəxə getdi. İki-üç dəqiqə keçmədi ki, əlində iki stəkan çay geri döndü. Çayından bir-iki qurtum alıb, gözlərini bir nöqtəyə zillədi. Onun nəsə çox ciddi bir məsələ haqqında danışmaq istəyi hiss edilirdi. Amma o da hiss edilirdi ki, o demək istədiklərini necə ifadə etməkdə, fikrini mənə necə çatdıracağında çətinlik çəkirdi. Sanki düşdüyü çətin vəziyyətdə növbəti gedişini etmək üçün, dərin fikrə qərq olmuş şahmatçı kimi, uzun müddət gözünü zillədiyi nöqtədən ayırmırdı. Mən onun söhbətini davam etdirməsi üçün necə çətinlik çəkdiyini görür və çıxış yolu tapmasına mane olmamaq üçün nəfəsimi içimə çəkmiş halda gözləyirdim. Nəhayət, o artıq hər şeyi ölçüb biçmiş kimi, inamlı şəkildə sözünə davam etdi: “O gündən bu günə bir yastığa baş qoysaq da, biz ər-arvad kimi deyil, bacı-qardaş kimi yaşayırıq. Bu elə bir ağır dərddir ki, nə kimsəyə aça bilir, nə də dözmək olurdu. Bir tərəfdən, bunun sonsuza qədər belə davam edə bilməyəcəyini anlasam da, digər tərəfdən, Osmanın məsələyə çox həssas münasibəti mənə son qərarı qəbul etməyimdə mane olurdu. Mən onun həyatına qıyacağından ehtiyat edir (daha doğrusu, buna heç şübhəm yox idi, çünki o, bir dəfə buna cəhd etmişdi), bütün həyatım boyu mənəvi əziyyət çəkəcəyimdən qorxur və özümü aldadaraq bu dözülməz dərdə dözməyə çalışırdım. Amma nə qədər belə davam edə bilərdi? Nəhayət, iş o yerə çatdı ki, dərd məni içimdən yeməyə başladı. Xəstələndim. Bir neçə dəfə müalicə olundum. Bütün bunlara baxmayaraq, özümdə güc tapıb məsələyə son verə bilmirdim. Ta o günə qədər, səni yuxumda gördüyüm o gecəyə qədər”. O, bir anlığa dayandı. Pəncərəyə yaxınlaşdı. Bir müddət eşiyə tamaşa etdikdən sonra (o sanki bundan sonrakı sözlərini ölçüb-biçirdi) dönüb aram-aram davam etdi: “Bütün bu illər ərzində birinci dəfə idi ki, yuxuma girirdin. Elə bil hər şeyi ölçüb-biçmişdin. O gün, beynimdə intihar havasının əsdiyi o gecə məni tək buraxmamışdın. Gecəyarı sərsəm yuxudan ayıldım. Hər tərəf qaranlıq idi, hər yer zülmətə bürünmüşdü, bircə mənim qəlbimdə bir işıq parıldayırdı. Bu işıq həyat eşqi idi, sənin mənə verdiyin həyat eşqi! Bircə gecədə başqalaşmışdım, yuxuda mənə güc-qüvvət vermişdin sanki… Elə həmin gün bütün ürəyimi boşaltdım, dünənə qədər heç vaxt deyə bilməyəcəyimə tam əmin olduğum fikirləri, heç bir çətinlik çəkmədən, birbaşa üzünə söylədim. Söylə-dim və bilsən, necə rahatlandım! Elə bil yenidən doğuldum, bir kişi çiyinlərinə ölümcül ehtiyacı olan və qaynar ehtiras içində boğulan bir qadın olduğumu hiss etdim. Bütün bunları mənə sən bağışladın, bu gücü də, qüvvəti də mənə sən verdin”. Bu son sözləri deyərkən Zərifənin səsi titrədi, gözləri doldu. Arıq, bir az da açıq sinəsi həyəcandan elə sürətlə atılıb-düşürdü ki, sanki qəlbi yerindən çıxacaqdı.
Birdən-birə ona yazığım gəldi, qeyri-ixtiyari əlimi çiyninə atdım, ehmalca özümə sarı çəkib qucaqladım, könlünü almaq üçün saçlarını sığallamağa başladım. O, heç vaxt qayıtmayacaq birinin yolunu gözləyən, pəncərəyə qısılmış yetim uşaqlar kimi mənə sarıldı. Özünü saxlaya bilməyib için-için ağladı. Belə məqamda kimisə sakitləşdirməyə çalışmağın mənasız olduğunu bilərək dillənmədim, heç nə demədim. Lakin hərəkətlərimin ona yalan ümidlər verə biləcəyindən çəkinirmiş kimi, tez əllərimi geri çəkmək istədim. Zərifə göz yaşlarını tökdükdən sonra bir az sakitləşmişdi. Başını çiynimdən qaldırmadı, zərif və zəif əlləri ilə uzun müddət görmədiyi körpəsini bağrına basmış ana kimi, əllərimi elə sıxmışdı ki! Xeyli bu şəkildə, sakitcə oturduq. Bir az sonra nəmli gözlərini silib başını qaldırdı, düz gözlərimin içinə baxdı: “İndi dünyada bircə arzum var: səndən bir uşağım olsun. Kimin nə deyəcəyi, nə düşünəcəyi məni qətiyyən maraqlandırmır. Bir də ki bu bizim sirrimiz olacaq – sənin və mənim. O da (Osmanı nəzərdə tutur) buna razılığını verib, öz övladı kimi böyüdəcəyinə şübhəm yoxdur. Bilirsən, əslində, o, yaxşı insandır, çox yaxşı insandır, ancaq həyatı belə gətirib. Onu həyata bağlayan da bizim evli olmağımızdır. Yoxsa, çoxdan ayrılardım. Çox düşündüm, hər şeyi götür-qoy etdim. İndi məni həyata bağlayan, məni yaşamağa ruhlandıran bircə odur – səndən doğacağım o uşaq!”
Bunu deyib nəzərlərini üzümə dikdi. Fikrimi bilməyə tələsirdi elə bil… Mənim dillənmədiyimi görüb (mən eşitdiklərimin təsirindən çıxa bilmirdim) sözünə davam etdi: “Sözsüz, düşünürsən ki, niyə məhz sən, başqası yox, sən? Qəribədir, elə deyilmi? Bir vaxtlar səni bircə dəfə, tanımadığı bir qızla gördükdən sonra, gərəksiz qürur oyunu oynayaraq qeyb olan biri indi illər sonra qürurun nə olduğunu unudaraq, sənin qarşında durub yalvarır, səndən imdad istəyir. Nədir məni buna sövq edən, nədir məni qürurumu unutmağa məcbur edən? Bilmirəm. Səni hələ də sevirəm desəm, səhv etmərəmmi? Yenə o vaxt, Osmanı sevdiyimi sandığım kimi, özümü aldatmıram ki? – Bilmirəm. Bircə onu bilirəm ki, o gün Osmana ürəyimi boşaltmaq üçün mənə o gücü, qüvvəti sən verdin, sən… Bu vəziyyətdən çıxış yolu axtararkən yadıma düşən, mənə yeni həyat eşqi verə biləcək tək varlıq sən oldun – yalnız sən! İndi anladınmı, niyə məhz sən, başqası yox, sən?!”
Bu sözlər o qədər səmimi, o qədər həzin deyilmişdi ki, bir anlığa hər şeyi unudub dəli bir ehtirasla, onu qucaqlayıb öpüşlərə qərq etmək istədim. Amma bacarmadım – beynimdən keçən ötəri fikirlər ürəyimdəki hisslərlə uzlaşmadı…
***
Evə gəldim, fikir məni götürdü. Zərifənin bu halında, psixoloji sarsıntılar keçirdiyi bir vəziyyətdə qeyri-müəyyən hisslər içində qovrulan zərif bir varlıqdan istifadə etmək, ürəyimdə heç bir şey hiss etmədiyim bir qadının çarəsiz hissləriylə oynamaq nə qədər qəbulediləndir, nə qədər insanidir? Birinə yaxşılıq edərkən (bunun yaxşılıq olduğunun özü də suallarla doludur), digər birinin – hələ dünyaya gəlməmiş məsum bir körpənin həyatı ilə oynamağa sənə kim haqq verir? Yaranan bu suallardan az qalırdı ki, beynim partlasın. İndi içimdə iki “mən” bir-biri ilə vuruşurdu. Biri təklik burulğanında boğulmaqda olan, çarəsizliyindən nə istədiyinin fərqinə belə varmayan, nə vaxtlarsa, yolunda hər şeyə hazır olduğum, indi məndən yalvararaq hümmət uman bir qadına nail olmağa bu qədər yaxın olan və sanki, bu imkanı buraxmaq istəməyən bir fürsətçı, digəri isə, yeni ailə qurmağı planlaşdıran, sevgiyə, məhəbbətə ən ülvi hisslər kimi baxan, keçmişə ehtiram, bu günə inam, gələcəyə ümidlə yaşayan alicənab, gənc bir oğlan! Bu fikirlər içində çırpınaraq doğru qərar vermək nə qədər də çətindi! Fürsətçilik qalib gəlməkdə idi. Birdən içimdən gələn bir səs, bir qüvvə sanki məni yuxudan ayıltmaq üçün var gücü ilə silkələdi: sən bu qədərmi alçalmısan, sən bu qədərmi vicdanını itirmisən, sən bu qədərmi məsuliyyətsizsən? Mənə elə gəldi ki, ətrafda hər şey: evimiz, ağaclar, çəpərimizin dibindən axan boz-bulanıq arx, tut ağacına qonmuş quşlar belə, öz qəmli nəğmələriylə, mənə qarşı qalxmışdı. – Yox, yox, mən bunu bacarmaram. Qoy mənə qorxaq desin, istəyirsə, lap nifrət etsin, ancaq mən, ani bir həzz xətrinə, ömürlük peşman ola biləcəyim bir səhvə yol verməməliyəm.
Səhəri gün ona xəbər vermədən yığışıb şəhərə qayıtdım.
… Biz bir daha görüşmədik. Sonradan eşitdim ki, mən gedəndən sonra boşanıb və çox keçmədən qonşu kənddən biri ilə evlənib. Bir il sonra qulağıma bir xəbər də çatdı. Oğlu dünyaya gəlmişdi. Adını İlyas qoymuşdu…
… Bələdçinin səsi eşidildi: Minvod stansiyasına çatırıq, düşənlər hazırlaşsınlar. Sonra o, bir-bir kupelərin qapısını taqqıldada-taqqıldada bir o başa, bir də bu başa getdi və bir neçə dəqiqədən sonra qatar, dağ döşünə dırmaşan yorğun at kimi, töyşüyərək dayandı.
İlyas yorğun gözlərini ovuşdurdu, sanki, söylədiklərinin mənəvi ağırlığından qurtulmaq üçün: Yatmaq istəyirəm, – deyib işığı söndürdü.
Uzun müddət gözümə yuxu getmədi. Beynimdə hey bir sual dolaşırdı: “Görəsən, İlyasın yerində mən olsaydım, necə hərəkət edərdim?”
May, iyun 2020-ci il
Buzovna