İsaxan İsaxanlının HEKAYƏSİ –"YOL HEKAYƏTİ"

İsaxan İsaxanlı

Prorektor

Xəzər universiteti

Qatar stansiyadan yenicə tərpənməkdə idi ki, 35-36 yaşında, eynəkli, uzunboylu, ya­ra­şıq­lı bir oğlan qaça-qaça özünü vaqona saldı. O, əllə­ri ilə 80-ci illərin məşhur hind aktyorlarının saçlarına bənzəyən uzun qara saçlarını geriyə tumarlayaraq düz mənim olduğum kupeyə yaxınlaşdı. Töyşüyə-töyşüyə salam verdi və çantasını qoyub qarşı tərəfdə oturdu. Kupemiz cəmi ikinəfərlik idi. Hava xeyli isti ol­du­ğundan kupenin qapısını açıq qoymuşdum ki, ke­çid­dəki açıq pəncərədən içəri bir az təmiz hava gəlsin. Bir az yol gedəndən sonra birdən yol yoldaşım rəsmi şəkildə ayağa qalxıb: Tanış olmadıq, mənim adım İl­yas­dır, – deyib əlini uzatdı. Mən də özümü təq­dim etdim, çoxdan tanış olan insanlar kimi söhbətə başladıq. Hiss olunurdu ki, İlyas yaxşı ün­siy­yət qurmaq bacarığına sahibdir və məndən fərqli ola­raq, susmağı deyil, danışmağı üstün tutur. Pəncərədən eşiyə baxdım. Göyün üzünə qara buludlar yığışırdı, havada bir yağış qoxusu vardı. İlyas üzünü mənə tutub: Belə havada nə vurmaq olar!, – deyə xüsusi nida ilə vurğuladı və çantasını eşələməyə başladı. O, çan­ta­sından bir az kolbasa, holland pendiri, çörək, 2-3 dənə alma, bir qabda da xeyli soyutma kartof çı­xarıb stolun üstünə qoydu. Sonra da bir araq şüşəsi çıxartdı və şüşəni stola elə möhkəm vurdu ki, o biri şeylər az qaldı, yerə tökülsün. Mən də evdən çıx­ha­çıx­da etirazlarıma baxmayaraq, anamım çantama qoy­duğu yemək qabını çıxardıb “Vallah, heç bilmi­rəm, içində nə var, anam zorla qoyub”, – dedim. İlyas özünəməxsus şəkildə: Analar pis şey qoymaz, – deyib qabın ağzını açdı: “Bəh – bəh – bəh, əsl mənim sev­di­yim şeydir ki – çüçə qızartması”.

Beləcə, məclisimiz başladı. Mən içmək istəmə­səm də, mümkün olmadı, az da olsa, içməli oldum. İlyas isə bir-birinin arxasınca süzür və ləzzətlə içirdi. Artıq iki saata yaxın idi ki, yol gedirdik. De­yəsən, o dəmlənməyə başlamışdı (mən yavaş-ya­vaş qur­dalansam da, faktiki olaraq, o, tək içirdi). İlyas bö­yük həvəslə tələbəlik illərində başına gələnlərdən ma­raqlı epizodlar danışır, vaxtın necə keçdiyini hiss et­mirdik. Bu zaman iki qız hündürdən danışa-danışa kupemizin önündən keçdi. Qızlardan biri bizə tərəf baxdı və gülərək nəsə dedi. İlyas cəld ayağa qalxıb: İndi gəlirəm, – deyə qızların arxasınca getdi və çox keçmədən geri döndü. Qanıqara idi, deyəsən, qızlar­dan umduğunu ala bilməmişdi. Gileyli-gileyli dil­lən­di: “Bunların hamısı belədir. Özlərini qürurlu gös­tə­rir­lər, amma elə ki işləri düşdü, quzuya dönürlər, aya­ğına düşüb yalvarırlar, onda da gec olur”. Bu son söz­ləri İlyas elə bir intonasiya ilə dedi ki, sanki konk­ret olaraq, kimisə nəzərdə tuturdu. Səhərdən bəri de­yib-gülən, heç bir dərdi-səri olmayan bir adam təsiri bağışlayan İlyas bir anın içində tamamilə də­yiş­di. Eynəyini çıxarıb kənara qoydu, qəflətən xəya­lın­da canlanmış xatirələrdən can qurtarmaq istəyirmiş kimi, əlləri ilə iki gözünü möhkəm-möhkəm ovuş­dur­ma­ğa başladı. Ortalığa bir sükut çökdü. İlyas pəncə­rə­nin pərdəsini çəkib, fikirli-fikirli eşiyə baxdı, sonra eynəyini götürüb taxdı və sakit-sakit dilləndi: “İndi sənə başı­ma gələn bir hadisəni danışacam. Bundan lap bir film çəkmək olar. Üstündən, 5-6 il keçsə də bu haqda heç vaxt heç kimə danışmamışam. Görünür, qəlbimi aça biləcəyim bir insana rast gəl­mə­mi­şəm. Sən birinci adamsan ki, onu sənə danışıram. Bilmirəm niyə birdən-birə ürəyimi məhz sənə açmaq ehtiyacı hiss etdim, yatmaq istəmirsən ki?” Mən: Yox, yox, nə yatmaq, hələ tezdir. Buyur, deyəsən, ürəyin doludur, amma, sən allah, bunu burax, – deyib boşal­maq­da olan araq şüşəsini kənara itələdim. İlyas dərin­dən bir ah çəkdi, eynəyini düzəltdi, əllərini döşündə çal-çarpaz edib sözə başladı:

… Bizim kəndimiz Çimkənd şəhərindən 45-50 kilometr məsafədə yerləşir. Nənəmin dediklərinə görə, əs­rin əvvəllərində, Sovet hakimiyyətinin yenicə qu­rul­duğu dövrlərdə bizim ailəmiz: nənəm və onun az­yaş­lı uşaqları, o cümlədən mənim atam, kulak ailəsi adı altında, Qazaxıstana sürgün edilmiş və Sayram ra­yo­nunun Qarabulaq kəndində məskən salmışlar. Mən və qardaşlarım – hamımız bu kənddə dünyaya göz aç­mışıq.

İlyasın dedikləri mənə çox maraqlı göründü, o sanki mənim nənəmin başına gələnlərdən danışırdı. Odur ki, bir az da həyəcan içində: Davam et, davam et, – deyə yerimi rahatlayıb dirsəkləndim, onun bir sö­zü­nü belə qaçırmamaq üçün diqqətlə qulaq asmağa baş­ladım. İlyas mənim marağımı görüb, bir qədər də həvəsləndi və öz hekayətini nəql etməyə başladı:

Kəndimiz Sırdərya çayından ayrılıb gələn Arıs çayının (böyüklərimiz bu çaya Araz deyirdi) sahilində yerləşir. Kəndimizin gözəl mənzərəsi və səfalı yerləri var və mən bəzən ürəyimdə düşünürdüm ki, sürgün edilmiş bir ailənin belə səfalı yerlərdə məs­kunlaşmasına necə icazə vermişdilər. Bir dəfə bu haq­da nənəmdən soruşdum. “Eeeh, ay bala, sən bilməsən, yaxşıdı. Amma indi ki, soruşdun, deyim: “Bizi caley-vətən (nənəm cəlayi-vətən ifadəsini belə tələffüz edir­di) etdikdən sonra əvvəlcə Türkmə­nis­ta­n çöllərinə, ilan mə­ləyən bir yerə göndərdilər. Qaldığımız yerdə nə iç­mə­yə su vardı, nə də yeməyə əməlli-başlı bir şey. Bir ved­rə sudan ötrü 2-3 kilometr yol gedirdim. Neyləyə bilər­dim, uşaqlar körpə idi, hamısı yemək, içmək istəyirdi. Mən hər üç gündən bir o qədər yolu gedib iki vedrə su gətirirdim. Suyu da tez qurtar­masın deyə ehmalla işlədirdim, uşaqlara da ölçü ilə verirdim. Bir ye­mək­xanada gündüzlər süpürgəçilik edir, qab yuyur, ba­la­la­rıma çörək pulu qazanırdım. Bax belə, atam-anam, bu zülümnən uşaqlarımı bö­yüt­düm, o birilər oxu­ma­salar da, atanı oxutdum. Son­ra­dan, Stalin öləndən sonra bizi Qazaxıstana kö­çür­dü­lər, atanı bu kənddəki məktəbə müəllim göndərdilər və ona burda ev tik­mək üçün, torpaq sahəsi verdilər. Yavaş-yavaş güzə­ra­nımız yaxşılaşmağa başlamışdı. Hayıf ki, atan bö­yük həvəslə tikdiyi evində xoşbəxt günlər gö­rəm­mə­di. Elə bil ki fələk bircə onu görürdü, tez-tələsik apa­rıb gözünə soxdu”. Bu sözləri deyəndə nənəmin göz­ləri yaşardı. Şalının ucu ilə göz yaşlarını silib sözünə davam etdi: “Eeh, nə bilim, ay bala. Bu da bir həyatdı da. İndi siz xoşbəxt olun. Atanın elə­yə bilmə­di­kə­rini siz eləyin. Atan bu kəndi çox sevirdi. Həmişə de­yirdi ki, bu kəndin insanları qədirbilən, xeyrə-şərə ya­ra­yan insanlardır. Kəndin camaatı da atana çox hörmət eləyirdi. Atan elə olanda (dünyasını dəyişdiyi gün) nəinki bu kənddən, rayondan da çoxlu adamlar axışıb gəlmişdilər. Ona görə də, mənim sizə vəsiyyətim, ay bala, heç vaxt bu kəndin çörəyini unutmayın”.

Nənəmin bu sözləri ömürlük olaraq yaddaşıma həkk olundu. Universiteti bitirəndən sonra çox yer­lər gördüm, şəhərlər, ölkələr gəzdim. Amma bizim doğma kən­dimizi heç nəylə müqayisə etmək mümkün deyil­. Yaz yenicə girdiyi vaxtlar kəndimiz xüsusilə gözəl olardı. Daimi əsən meh bağımızda, arx boyu sırayla əkilmiş hündür çinar ağaclarının yar­paq­larını yellədir, yarpaqlar sanki rəqs edirdi. Başqalarına adi görünə biləcək bu mən­zərə mənə təbiətin ən gözəl mən­zə­rə­ləri qədər zövq verirdi. İndi həyat elə gətirib ki, kənddən bir az uzaq düşmüşəm, tez-tez gedib-gəlmək olmur. Amma imkan düşdükcə, əlbəttə ki getməyə çalışıram və hər dəfə kəndimizə gedəndə mütləq bir vaxtlar oxuduğum məktəbimizə də baş çəkirəm.

***

Novruz bayramı ərəfəsində yenə kəndə get­miş­dim. Məktəbə getdim. Məktəbimiz kəndin kənarında yerləşirdi. Araz çayının kiçik bir qo­lu məktəbin lap yanından keçirdi. Bir qədər çayın şırıltısına qulaq asandan sonra kənardan, yol tərəfdən xeyli durub məktəbimizə tamaşa etdim. Məktəbimizə girişdə ikitərəfli sıra ilə düzülmüş sərv ağaclarından orda-burda cəmi bir neçəsi qalmışdı. Onlara nəzər sa­la-sala taxtadöşəməli dəhlizdən keçib sinfimizin yer­ləşdiyi səmtə getdim. Elə bil heç bu qədər vaxt keç­mə­mişdi, hər şey öz yerində idi – dərs vaxtı müəl­lim­lərin xəbərdarlığına baxmayaraq, gedib-gələnləri seyr et­diyimiz, bəzi şüşələri qırılmış yekə pəncərələr, ar­xa­lığı bitişik ikinəfərlik ağır partalar, qara kvad­rat­şəkilli yazı taxtaları, boyaları tökülmüş mavirəngli di­varlar, cır-cır cırıldayan taxta döşəmələr… O unu­dul­maz məktəb illəri bir anda gözlərimin qabağından kino lenti kimi gəlib keçdi. Birdən, nədənsə, ayaq­la­rım məni oxuduğum sinfin əks tərəfinə – dəhlizin o ba­şına apardı. Sonuncu pəncərəyə yaxınlaşdım. Göz­lə­rimin önündə qıvrım telləri daim gözlərinin üstünə düşən, uzunboylu, arıqbədənli, şabalıdısaçlı o qızın surəti canlandı…

***

Kəndimizdə bir məhəllə vardı. O məhəllədə yaşa­yan qızların, demək olar ki, hamısı – Nə­r­mi­nə, Gülarə, Aybəniz, Xalidə, Xəyalə … qəşəng idi. Buna görə də cavanlar o məhəlləyə maraqlı bir ad qoymuşdular – “Hindistan” (həmin dövrdə Hindistan filmləri gənclər arasında çox dəbdə idi və bu filmlərdə baş rollarda çəkilən qızlar həddindən artıq gözəl olurdular).

Bu məqamda özümü saxlaya bilməyib İlya­sın sözünü kəsdim: “Qəribədir, bizim kəndimizdə də be­lə bir məhəllə var və kəndin cavanları, elə eyni sə­bəb­dən, həmin məhəlləyə də “Hindistan” deyirlər. Bu ne­cə ola bilər?” İlyas yarıciddi, yarızarafat cavab ver­di: “Bilirsən, o dövrdə SSRİ-nin müxtəlif şə­hər­lə­rin­də eyni memarlıq üslubunda çoxlu binalar ti­ki­lirdi, mək­təblər, xəstəxanalar bir-birinə oxşayırdı, küçə­lə­rin adı, demək olar ki, təkrar olunurdu. Gö­rü­nür, o döv­rün elə cavanları da eşq, məhəbbət mə­sə­lə­sində həmfikir olublar”. Bunu deyib o, sanki, məni inandıra bildiyi üçün, özündən razı halda qımışdı və söhbətinə davam etdi.

Mənim sevdiyim qız da “Hindistanlı” idi. Əslində, o qıza qarşı, nə olduğunu anlamadığım hisslərim, təxminən 6-cı sinifdə başlamışdı. Lakin o hissin, ötəri də olsa, məhəbbət olduğunu 2-3 il sonra anladığıma görə ilk məhəbbətimi də elə o illərə aid edirəm.

Zərifə ilə ayrı-ayrı siniflərdə oxuyurduq. Mək­təbdə ən yaxşı oxuyan şagirdlərdən biri olan Zə­ri­fə kifayət qədər, bəlkə də lazım gəldiyindən də bir az artıq dərəcədə, zirək bir qız idi. Sürətli yerişi, özü­nəinamlı hərəkətləri, sözlərindəki ötkəmlilik, bir qə­dər sərt görünüşü, fəallığı, çoxları ilə müqayisədə xey­li geniş dünyagörüşünə malik olması, müəllim­lər­lə yaxşı münasibətqurma bacarığı nəinki qızları, hət­ta çox vaxt oğlanları da ondan çəkinməyə məcbur edir­di. Oğlanlarla söhbətində, rəftarında həmişə baş rol­da olmağa çalışır və çox halda da, buna nail olurdu. Tə­biətində də amiranəlik elementləri hiss edilən Zə­rifə, üstəlik, həm də sinif nümayəndəsi idi və bu və­zi­fəsi də ona digərləri üzərində təsirini möhkəm­lən­dirməkdə kömək edirdi. Zərifə mənim ona qarşı baş­qalarından fərqli münasibətimi hiss etsə də (mən belə düşünürəm), bunu heç üzə vurmur, hərəkətlərində qəti sezdirmirdi. Hətta bəzən mənimlə daha sərt rəftar etməyə çalışır, yanımdan keçəndə üzümə baxmır, salam vermirdi. Bu, əsasən, o vaxtlar olurdu ki, onun yanında rəfiqələrindən kimsə olsun. Amma təkbətək qarşılaşdığımızda, əksinə, mənə baxıb xəfifcə gülüm­səyir, üzündəki süni ciddilikdən əsər-əlamət qalmırdı. Ona görə də, ürəyimdə onun da mənə qarşı eyni hisslər yaşadığını düşünürdüm.

***

Beləcə, ürəyimizdəki hisslər heç vaxt açılmadı, bir-birimizdən bircə xoş baxış uma-uma orta məktəbi bitirdik. Mən Almata Dövlət Universitetinə, Zərifə isə Almata Tibb Universitetinə qəbul olunduq. Birinci kursda oxuyarkən, bir neçə dəfə görüşdük. Amma bir gün Zərifə, sanki, qeyb oldu. Onu görmək üçün oxuduğu yerə getsəm də, yal­nız uzaqdan görə bildim. Məndən qaçırdı. Bunun sə­bə­bini öyrənməyə çalışsam da, mümkün olmadı. Gün­lərin birində onu metroda sinif yoldaşım Os­manla birlikdə gördüm. Səmimi münasibətləri gö­züm­dən qaçmadı və mən bir daha onu axtarmadım.

***

İlyas bir az nəfəsini dərdi. Bu zaman bələdçi qız qapını döydü: “Çay istəyirsinizmi?” “Zəhmət olma­sa”, – deyib təşəkkür etdim. Çox çəkmədi ki, bələdçi iki stəkan dəmli cay gətirdi. Kupemizi mixək iyi gö­tür­dü. İlyas buğlanan stəkanı iki əlinin arasına aldı, bur­nuna yaxınlaşdırıb içdən qoxuladı və sözünə davam etdi:

Deyirlər ki, bütün sevgi hekayələri bir-birinə oxşayır. Lakin mən fərqli düşünürəm. Hamısının mövzusu eyni – sevgi olsa da, hərəsi bir cür olur. Mənim başıma gələn bu əhvalat inanmıram ki, dünyada kiminsə başına gəlmiş olsun. Mən özüm də hələ buna inana bilmirəm. Bəlkə, sən də inanmaya­caqsan. Ancaq bil ki, dediyim və deyəcəyim hər söz, hər cümlə doğrudur, həqiqətdir.

Zərifə ilə ayrılmağımızdan uzun illər keçmişdi. Kəndimi­zə gəlmişdim. Sərin, sakit bir hava idi. Belə havalarda mən həmişə tez oyanırdım. Tut ağacına qonmuş sərçələrin civiltisi altında, adətim üzrə, sev­di­yim şeirlərdən deyə-deyə, zövq aldığım mahnı­lar­dan zümzümə edə-edə qapıda gəzişirdim. Bu zaman ki­minsə məni çağırdığnı eşitdim. Orta məktəb yolda­şım Osman idi (Yəqin ki, mənim gəldiyimi Alıdan eşitmişdi. Mən dəmiryolu vağzalından taksi ilə gə­lən­də evimizə tərəf dönərkən yolda Alıya rast gəlmiş­dim. Maşını saxlatdım, görüşdük və bir az ayaqüstü söh­bət də etdik). Osman hal-əhval tutduqdan son­ra ağır-ağır nəfəs aldi və fikirli halda: Səninlə bir söh­bə­tim var, bir-iki saat vaxtın olarmı?, – deyə soruşdu. Mən: Əlbəttə, gəl evə keçək, – deyə onu içəri dəvət et­dim. Osman: Yox, əgər elədirsə, əynini geyin, səninlə bir yerə gedəcəyik, amma xahiş edirəm, hələlik so­ruş­ma haraya, – deyib üzümə baxdı. Mən paltarımı də­yi­şdim, səhər yeməyi yemədən çıxdım. Osmanın gəldiyi tak­siyə minib yola düşdük. Bir müddət heç kim dil­lən­mədi, rayon mərkəzinə qədər bir kəlmə belə kəs­mə­dik. Ürəyimdə heç bir fikir olmasa da, Os­manın sifətinə baxdıqca onun çox narahat olduğunu açıq-aydın hiss edirdim. Amma niyə, nə baş ve­rmiş­di? O mənə nə deyəcəkdi? Biz hara gedirik? Bey­nim­də bu və digər bunabənzər suallar yaranır, heç birinə də cavab tapa bilmədiyim üçün sakitcə Osmanın nə vaxtsa söhbətə başlayacağını gözlə­yir­dim. Ancaq o ağzını açıb bir söz də demədi və beləcə, təxminən bir saat lal-dinməz yol getdik.

Nəhayət, taksi dördmərtəbəli bir binanın həyətinə girib dayandı. Düşdük. Osman: Sən burda bir az göz­lə, mən indicə qayıdıram, – deyib nəzərlərylə mənə baxdı. Ətrafa nəzər gəzdirdim. Hündür şam ağaclarının üstünlük təşkil etdiyi, hər yanı gül-çi­çəklə bəzədilmiş bir park təsiri bağışlayan bu bağ Al­mata Mərkəzi Klinikasının həyəti idi. Mən başımı tərpədərək razılığımı bildirdim: Yaxşı, am­ma bir az tez qayıt, – deyib bir az səbirsizləndiyimi də hiss etdirdim. Osman getdi. Mən bağda bir qədər gə­ziş­dikdən sonra həmin yerə qayıdıb skamekalardan bi­rində oturdum. Mənim oturduğum yerdən xəstəxa­nanın əsas binasına girişin pilləkənləri görünürdü. Kimi, nə üçün gözlədiyimi bilmədiyimidən, sadəcə ola­raq, vaxtı öldürmək üçün gözlərimi pilləkənə zilləyib gedib-gələnləri seyr etdirdim. Təxminən 15-20 dəqiqə keçmişdi. Pilləkənlərdən enən Osmanı gör­düm, o, tək deyildi, yanında xəstəxana pal­ta­rın­da kimsə var idi. Onlar yaxınlaşırdılar. Mən hələ də Osmanın yanındakı o naməlum varlığın kim oldu­ğu­nu seçə bilmirdim. Onlar mənim oturduğum skamekaya­ yaxınlaşdılar. Ayağa qalxdım. Yerimdəcə do­nub qaldım. İlahi, bu, möcüzədirmi, nədir? Bu odur­mu? Bəli, bu o idi – Zərifə. Məni dəhşət bürüdü. Bu nədir, mən yuxumu görürəm? Osman məni buraya nə üçün gətirdi, Zərifə niyə burdadır? Beynimdə bir-birinin ardınca yaranan bu suallar məni didib-parçalayırdı. Mənim çaşbaş qaldığımı hiss edən Zərifə: Ta­nı­ma­dın, çoxmu çirkinləşmişəm?, – deyə üzünü mənə tutdu. Mən diqqətlə onu süzdüm. Həddindən artıq arıqlamış, məni bir vaxtlar məftun etmiş o gözlər sanki çuxura düşmüş, bircə dəfə sığallamaq üçün, o uşaq qəlbimlə, həyatımı verməyə hazır olduğum o şabalıdı, dalğalı saçlar bir-birinə dolaşmış, rəngi solmuş, dodaqları qurumuşdu, sözlər ağzından zorla çıxırdı. Mən: Sən elə əvvəlki kimi gözəlsən, – deyib qeyri-ixtiyari onun əlindən tutdum. O, əllərini əlimdən çəkmədi, əksinə, bir qədər də mənə yaxınlaşıb sinəmə sıxıldı. Mən bu məqamda nə etməli olduğumu, nə edəcəyimi, ona necə münasibət bəsləmək lazım gəldiyini bilmir, hər şeyi ani hisslərin ixtiyarına buraxmışdım. Bu zaman Osman saymazyana bir qədər aralandı. Təxminən yarım saat tək qaldıq. Bu yarım saat, əsasən, səssiz, sözsüz keçdi, hər şeyi baxışlar deyirdi. Sonra Osman yaxınlaşdı. Bu müddət ərzində Zərifə ta­ma­mi­lə dəyişmişdi, sanki bir qədər əvvəlki adam deyildi. Üzünü Osmana tutub dedi: “Sən get birbaşa kəndə, mə­nim paltarımı gətir, mən çıxıram”. Osman: “Sən nə da­nışırsan, həkimin icazəsi olmadan çıxmaq nədir? Bu, mümkün deyil, həkim icazə verməz, onunla dünən da­nışmışam, hələ ən azı bir həftə burda qalmalısan”. Zərifə bir qədər ötkəm səslə: Sən get, mən indi hə­kim­lə özüm danışaram, – deyib üzünü mənə tutdu: “Mə­nimlə həkimin yanına gedərsənmi?” Mən Osma­na baxdım. O, başı ilə razılığını bildirdi. Osman: On­da mən burda gözləyirəm, həkim icazə versin, sonra gedərəm, – deyib skamekada oturdu. Zərifə mənim qoluma girdi. Addımlarını elə rahat, elə inamla atırdı ki, kənardan baxan heç kim onun xəstə olduğunu deyə bilməzdi. Biz pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq. Zərifə baş həkimin otağına yaxınlaşıb qapını döydü. İçəri girdik. Zərifə: “Mən hazırda özümü çox yaxşı hiss edi­rəm, bəlkə də son bir neçə ayda bu qədər sağlam hiss et­məmişəm. İcazə versəniz, evimizə getmək istəyi­rəm”. Baş həkim həm də Zərifəni müalicə edən həkim idi. Zərifə danışdıqca mən həkimin sifət cizgilərinin necə dəyişdiyini görür, onun fikrini üzündən oxuma­ğa çalışırdım. Həkim sanki qarşısında duranın onun xəstəsi olduğuna şübhə ilə yanaşmağa başlamışdı: “Mən səni, doğrudan da, çox yaxşı görürəm. Özünü yaxşı hiss etdiyinə şübhəm yoxdur. Ancaq getmək üçün bir az tezdir. Yaxşı olar ki, bir neçə gün qa­la­san”. Amma Zərifənin özünəinamlı danışığı, fikrini tamamilə səlis ifadə etməsi və xoş inadı baş həkimi fikrindən döndərə bildi: “Yaxşı, bir halda ki bu qədər istəyirsən, get, amma bir şərtlə ki, üç gündən sonra yoxlanışa gələcəksən”. Zərifə mütləq gələcəyini deyib sevincək halda ayağa durdu və qoluma girdi. Baş həkim stolunun sağ tərəfindəki düyməni basıb tibb bacısını çağırdı: “Zərifənin sənədlərini hazırlayın və evə buraxın”. Biz qapıdan çıxmaq istəyəndə baş hə­kim: Cavan oğlan, xahiş edirəm, siz bir dəqiqə qalın, – deyə mənə müraciət etdi. Zərifə otaqdan çıxdı, baş həkim mənə əli ilə oturmaq üçün yer göstərdi. O, diqqətlə üzümə baxıb dedi: “Mən sizin kim olduğunuzu soruşmuram. Çünki xəstəm üçün çox vacib və qiymətli biri olduğunuzu dərhal hiss etdim. Zərifə artıq bir ilə yaxındır ki, mənim yanıma gəlib- gedir, müalicə olunur. Bu müddət ərzində birinci dəfə idi ki, onu bu qədər həyat eşqi ilə dolu, bu qədər özünə inamlı görürəm. Açığı, xəstəmin bir saat içində belə dəyişə biləcəyini ağlıma da gətirə bilməzdim. Amma həyatda nələr olmur ki?! Mən Zərifənin bu halına çox sevindim və buna görə sizə minnətdaram. Narahatçılığım, təbii ki, var. Sizdən bircə şey xahiş edirəm. Zərifə çox həssas bir qızdır. Ona görə də həddindən artıq sakit, rahat olmalı və əsəbiləşməməlidir. Xırda bir əsəbilik onu əvvəlki vəziyyətinə sala bilər. İndi sinirlərinə hakim olması Zərifə üçün həyati vacib məsələdir”. Baş həkim ayağa qalxdı, əlini çiynimə qoydu: “Sizə bir daha minnətdaram. Bu, mənim iş telefonum, bu da ev tele­fo­num. Xahiş edirəm, Zərifənin vəziyyətində xırda bir dəyi­şik­lik hiss etsəniz, dərhal mənə məlumat verin”. Mən də ayağa durdum, ona xəstələrinin həyatı üçün bu qədər səmimi narahatçılığına görə təşəkkür etdim və otaq­dan çıxdım.

Zərifə məni pilləkənin yanında gözləyirdi. Mən ona yaxınlaşan kimi, yenə dərhal qoluma girdi. Lakin mən bu şəkildə, Osmanın qarşısında özümü narahat hiss edirdim, qolumu onun əlindən çıxart­ma­ğa çalışdım. O isə qolumdan daha möhkəm yapışaraq sanki, sən belə şeylərdən narahat olma deyirdi. Biz ska­mekada oturduq. Saat üç olurdu. Zərifə üzünü Os­ma­na tutdu: “Həkim icazə verdi, evə gedə bilərik. İn­di belə edək. Tibb bacısı mənim sənədlərimi hazır­la­yır, sənədlər hazır olana kimi biz burda gözləyəcəyik. Sən isə bir taksi ilə evə gedib mənim paltarımı gətir. Həm də bir az tez elə. Lap ürəyim partlayır, mümkün olduğu qədər tez burdan çıxmaq istəyirəm”.

Osman taksi tutmaq üçün yola tərəf getdi. Biz tək qaldıq. Zərifə mülayim səslə dedi:

– Bəlkə, bir az gəzişək?

– Sən yorğun görünürsən, otursaq yaxşı­dır.

– Yooox, yorğunluq nədir, bu sənə elə gəlir. Mən son vaxtlar özümü bu qədər gümrah hiss etdiyimi xa­tırlamıram.

Biz ayağa durub gəzişməyə başladıq. Mən, nə­dən­sə, onun nə üçün burda olduğunu, xəstəliyinin sə­bəbi haqqında heç nə soruşmurdum. Əslində, o da buna imkan vermir, elə hey özünü çox yaxşı hiss etdiyini deyir, xəstə olduğunu qəbul etmək istəmirdi. Birdən o, coşqun bir ehtirasla dilləndi:

– Mən unutmaq istəyirəm, hər şeyi unutmaq is­təyirəm. Bu günə qədər olan həyatımı yaddan çıxart­maq, yeni həyata başlamaq istəyirəm.

– Həyatından niyə narazısan ki?

– Sən buna həyatmı deyirsən?

– Məncə, o səni sevir. Bu onun gözlərindən, sözlərindən aydınca görünür.

– Doğru deyirsən, sevir. Amma mən necə, bu sevgini hiss edirəmmi?

– Məncə, o səni hiss ediləcək dərəcədə sevir.

– Eeehh, bircə bilsəydin!

– Nədir səni bu qədər narahat edən?

– Darıxma, hər şeyi sənə deyəcəm. Bütün hə­yatımı saniyə-saniyə sənə danışacam. Keçən bu illər bo­yu əsən küləklər içimin təlatümü, yağan yağışlar göz yaşlarım, göydəki o günəşin hərarəti mənim üçün cə­hənnəm alovunun ölümcül istisi kimiydi. Elə cə­hənnəmdəki kimi, dəhşətli alovun istisində qovrulur, nə ölə bilir, nə də bu əzabdan qurtula bilirdim.

Mən artıq hiss etməyə başlamışdım ki, Zərifə böyük bir çətinlik qarşısındadır. Görəsən, niyə, nə üçün o bu fikirlərini mənə açır, problemlərini mənimlə bölüşürdü? Axı mən onun üçün çoxdan yox ol­muş­dum, bütün bu illər ərzində biz, bir dəfə də olsa, gö­rüş­məmişdik, bir-birimizin həyatımızdan belə xəbər­siz­dik. Mən öz-özümə bu sualları verir, amma, cavab tapa bilmirdim. Bunları onun özündən də soruşmağa, nədənsə, cürət etmirdim. Ona görə də, böyük intizarla onun sözlərini dinləyir, hər sözünə, ifadəsinə diqqət yetirirməyə çalışırdım. Birdən o elə bil ürə­yim­dən keçənləri oxudu:

– Yəqin, indi düşünürsən ki, bütün bunların mənə nə aidiyyəti var?

– Açığı, heç belə düşünməyə imkanım da ol­mayıb, mən sanki yuxudayam. Səninlə görüşəcəyimi, üstəlik, burda, belə bir yerdə görüşəcəyimizi ağlıma belə gətirə bilməzdim. Amma, nə gizlədim, səni gör­mək çox xoş oldu.

– Doğrudan?

– Məni o unudulmaz məktəb illərinə qaytardın. Dünya nə qəribə yermiş! İllər öncə birdən-birə gələn ayrılıq. İndi də birdən-birə gözlənilməz bu görüş.

– Səninlə razı deyiləm.

– Sən başqa cür düşünürsən?

– Bu sənin üçün gözlənilməz ola bilər, amma mən…

Zərifə sözlərini tamamlaya bilmədi. Osman iri addımlarla özünü bizə çatırdı. Gətirdiyi çantanı Zə­ri­fəyə uzatdı. Zərifə çantanı götürdü, üzündə he­yifs­lən­miş bir təbəssümlə, xəstəxanaya tərəf getdi. Bir qə­dər sonra geri döndü və biz taksiyə oturub ordan ayrıldıq.

***

Bundan sonra, təxminən bir həftə boyunca, biz hər gün görüşürdük; mən onun özünün dəvətiylə, on­ların evlərinə gedirdim (Zərifə xəstəxanadan vali­deyn­lərinin yanına gəlmişdi və orda qalırdı). Vali­deyn­ləri mənə yaxşı münasibət bəsləyirdilər. Hiss edirdim ki, bizim münasibətlərimiz haqqında (daha doğrusu, Zərifənin mənə qarşı münasibəti haq­qında) onların məlumatı var.

Bir dəfə səhər təxminən saat 11-də onlara gəl­diyim zaman Zərifə geyinib-gecinib məni gözlə­yir­di. Anası narahat halda dedi: “Heç olmasa, sən ona başa sal ki, hələ tam yaxşılaşmayıb, bu vəziyyətdə harasa getmək olmaz”. Lakin Zərifə: Buraxın məni xəstə he­sab etməyinizi, artıq hər şey geridə qaldı, – deyə evdən çıxmaqda israrlı olduğunu göstərdi və məndən xahiş etdi ki, bir maşın tapım. Sinif yoldaşım Alıgilə gəldim, yarım saat keçmədi ki, artıq biz Zərifə­gildəydik. Alı bizi Çimkəndə qədər gətirdi. Zərifənin xahişi ilə biz Abay adına parkda – Böyük Vətən mü­hari­bəsi qəhrəmanlarının şərəfinə ucaldılmış heykəlin yaxınlığında maşından düşdük. Təxminən 10 dəqiqə piyada getdikdən sonra üçmər­tə­bəli bir binaya ya­xınlaşdıq.

***

Bura ailə yataqxanası idi. İşlədiyi zavoddan Os­mana burada ikiotaqlı mənzil vermişdilər. İçəri keçdik. Gənc bir ailənin yaşaması üçün içində hər şey vardı: kiçik mətbəx, ikinəfərlik çarpayı, bir yazı masası, pal­tar şkafı, güzgü… Buna baxmayaraq, otaqlarda həyat izi hiss olun­mur­du. Mənim diqqətlə baxdığımı görən Zərifə: “Bu­ mənzili Osmana zavoddan veriblər, amma biz burda qal­mırdıq, hər gün evə gedib-gəlirdik. Hər ehtimala qarşı, bura da durur”. Sonra da birdən: Görürsən ki, lazım gəlir, – deyə gülümsəyərək mənə sıxıldı. Biz çar­paynın üstündə oturduq. Zərifə: Yəqin düşünürsən ki, səni bu­raya niyə gətirmişəm, ümumiyyətlə, səni niyə çağırtdırmışam, eləmi?, – deyib sözünə davam etdi. “Səninlə bir məsələ haqqında danışmaq istəyirəm. O gün, düz on üç il əvvəl Opera və Balet teatrının yanında səni o qızla görəndən sonra hər şey mənim üçün mənasını itirmişdi. Ürəyimlə bacarmaq çətin olsa da, qürurumu sındırmaq istəmirdim. Səni unudacağıma öz-özümə söz verdim. Heç o vaxt sən düşünmədinmi ki, mən niyə birdən-birə yox oldum. Heç məni axtar­ma­dın da! Eh, indi bunların nə mənası var ki?! Bir müddət sonra sənin o qızla ayrıldığını eşitsəm də, özümü təhqir olunmuş hesab edirdim. İndi o günlərə dönə bilsəydim, qürur, şərəf deyə bir şey düşünməz, mənə dönməyin üçün hər şeyimdən ke­çər­dim… Amma həyat başqa cür gətirdi. Elə o vaxtlar Osman, ayrıldığımızı duyub, tez-tez bizim instituta gəlir, mənə nəvaziş göstərirdi. Mən isə ona, sa­dəcə olaraq, bir orta məktəb yoldaşım kimi baxır və dediyi sözləri qəti ciddiyə almırdım. Getdikcə gö­rüş­lərimiz sıxlaşmağa başladı. Biz, demək olar ki, hər gün görüşürdük. Osman mənimlə gözləmədiyim qə­dər nəzakətlə davranır, bütün hərəkətlərinin, söz­lə­rinin səmimiyyəti heç bir şübhə doğurmurdu. Bir müddət keçdi. Elə olmuşdu ki, deyəsən, mən də onu görməyəndə darıxmağa başlamışdım. Onu sevdiyimi dü­şünürdüm və bir gün təklifinə razılığımı bil­dir­dim – biz nişanlandıq. Cəmi beş ay nişanlı qaldıqdan sonra evləndik. Elə o gündən də mənim həyatım cəhənnəmə döndü”.

Zərifə ayağa durub mətbəxə getdi. İki-üç dəqiqə keçmədi ki, əlində iki stəkan çay geri döndü. Çayından bir-iki qurtum alıb, gözlərini bir nöqtəyə zillədi. Onun nəsə çox ciddi bir məsələ haqqında danışmaq is­təyi hiss edilirdi. Amma o da hiss edilirdi ki, o demək istədiklərini necə ifadə etməkdə, fikrini mənə necə çatdıracağında çətinlik çəkirdi. Sanki düşdüyü çətin vəziyyətdə növbəti gedişini etmək üçün, dərin fikrə qərq olmuş şahmatçı kimi, uzun müddət gözünü zil­lə­diyi nöqtədən ayırmırdı. Mən onun söhbətini da­vam etdirməsi üçün necə çətinlik çəkdiyini görür və çıxış yolu tapmasına mane olmamaq üçün nəfəsimi içimə çəkmiş halda gözləyirdim. Nəhayət, o artıq hər şeyi ölçüb biçmiş kimi, inamlı şəkildə sözünə davam etdi: “O gündən bu günə bir yastığa baş qoysaq da, biz ər-arvad kimi deyil, bacı-qardaş kimi yaşayırıq. Bu elə bir ağır dərddir ki, nə kimsəyə aça bilir, nə də dözmək olurdu. Bir tərəfdən, bunun sonsuza qədər belə davam edə bilməyəcəyini anlasam da, digər tərəfdən, Os­ma­nın məsələyə çox həssas münasibəti mənə son qərarı qəbul etməyimdə mane olurdu. Mən onun həyatına qıyacağından ehtiyat edir (daha doğrusu, buna heç şübhəm yox idi, çünki o, bir dəfə buna cəhd etmişdi), bütün həyatım boyu mənəvi əziyyət çəkəcəyimdən qorxur və özümü aldadaraq bu dö­zül­məz dərdə dözməyə çalışırdım. Amma nə qədər belə davam edə bilərdi? Nəhayət, iş o yerə çatdı ki, dərd məni içimdən yeməyə başladı. Xəstələndim. Bir neçə dəfə müalicə olundum. Bütün bunlara bax­ma­ya­raq, özümdə güc tapıb mə­sə­ləyə son verə bilmir­dim. Ta o günə qədər, səni yu­xumda gördüyüm o ge­cəyə qədər”. O, bir anlığa da­yandı. Pəncərəyə ya­xın­laş­dı. Bir müddət eşiyə tamaşa etdikdən sonra (o sanki bundan sonrakı sözlərini ölçüb-biçirdi) dönüb aram-aram davam etdi: “Bütün bu illər ərzində birinci dəfə idi ki, yuxuma girirdin. Elə bil hər şeyi ölçüb-biçmişdin. O gün, beynimdə intihar havasının əsdiyi o gecə məni tək buraxmamışdın. Gecəyarı sər­səm yuxudan ayıl­dım. Hər tərəf qaranlıq idi, hər yer zülmətə bürünmüşdü, bircə mənim qəlbimdə bir işıq parıldayırdı. Bu işıq həyat eşqi idi, sənin mənə ver­di­yin həyat eşqi! Bircə gecədə başqalaşmışdım, yuxuda mənə güc-qüvvət ver­miş­din sanki… Elə həmin gün bütün ürəyimi boşaltdım, dünənə qədər heç vaxt deyə bilməyəcəyimə tam əmin olduğum fikirləri, heç bir çətinlik çəkmədən, birbaşa üzünə söylədim. Söy­lə-dim və bilsən, necə rahat­landım! Elə bil yenidən do­ğul­dum, bir kişi çiyin­lə­rinə ölümcül ehtiyacı olan və qaynar ehtiras içində boğulan bir qadın olduğumu hiss etdim. Bütün bunları mənə sən ba­ğış­la­dın, bu gücü də, qüvvəti də mənə sən verdin”. Bu son sözləri de­yər­kən Zərifənin səsi titrədi, gözləri doldu. Arıq, bir az da açıq sinəsi həyəcandan elə sürətlə atılıb-düşürdü ki, sanki qəlbi yerindən çı­xa­caq­dı.

Birdən-birə ona yazığım gəldi, qeyri-ixtiyari əli­mi çiyninə atdım, ehmalca özümə sarı çəkib qu­caq­ladım, könlünü almaq üçün saçlarını sığallamağa baş­ladım. O, heç vaxt qayıtmayacaq birinin yolunu göz­ləyən, pəncərəyə qısılmış yetim uşaqlar kimi mə­nə sarıldı. Özünü saxlaya bilməyib için-için ağladı. Belə məqamda kimisə sakitləşdirməyə ça­lış­mağın mənasız olduğunu bilərək dillənmədim, heç nə demədim. Lakin hərəkətlərimin ona yalan ümidlər verə biləcəyindən çəkinirmiş kimi, tez əllərimi geri çək­mək istədim. Zərifə göz yaşlarını tökdükdən sonra bir az sakitləşmişdi. Başını çiy­nimdən qaldırmadı, zərif və zəif əlləri ilə uzun müddət görmədiyi körpəsini bağrına basmış ana ki­mi, əllərimi elə sıxmışdı ki! Xeyli bu şəkildə, sa­kit­cə oturduq. Bir az sonra nəmli gözlərini silib başını qaldırdı, düz gözlərimin içinə baxdı: “İndi dünyada bircə arzum var: səndən bir uşağım olsun. Kimin nə deyəcəyi, nə düşünəcəyi məni qətiyyən maraq­lan­dır­mır. Bir də ki bu bizim sirrimiz olacaq – sənin və mə­nim. O da (Osmanı nəzərdə tutur) buna razılığını ve­rib, öz övladı kimi böyüdəcəyinə şübhəm yoxdur. Bi­lirsən, əslində, o, yaxşı insandır, çox yaxşı insandır, ancaq həyatı belə gətirib. Onu həyata bağlayan da bizim evli olmağımızdır. Yoxsa, çoxdan ayrılardım. Çox düşündüm, hər şeyi götür-qoy etdim. İndi məni həyata bağlayan, məni yaşamağa ruhlandıran bircə odur – səndən doğacağım o uşaq!”

Bunu deyib nəzərlərini üzümə dikdi. Fik­ri­mi bilməyə tələsirdi elə bil… Mənim dillənmədiyimi görüb (mən eşitdiklərimin təsirindən çıxa bilmirdim) sö­zü­nə davam etdi: “Sözsüz, düşünürsən ki, niyə məhz sən, başqası yox, sən? Qəribədir, elə deyilmi? Bir vaxt­lar səni bircə dəfə, tanımadığı bir qızla gör­dük­dən sonra, gərəksiz qürur oyunu oynayaraq qeyb olan biri indi illər sonra qürurun nə olduğunu unudaraq, sənin qarşında durub yalvarır, səndən imdad istəyir. Nədir məni buna sövq edən, nədir məni qürurumu unutmağa məcbur edən? Bilmirəm. Səni hələ də se­vi­rəm desəm, səhv etmərəmmi? Yenə o vaxt, Osmanı sevdiyimi sandığım kimi, özümü aldatmıram ki? – Bilmirəm. Bircə onu bilirəm ki, o gün Osmana ürəyimi boşaltmaq üçün mənə o gücü, qüvvəti sən verdin, sən… Bu vəziyyətdən çıxış yolu axtararkən ya­dı­ma düşən, mənə yeni həyat eşqi verə biləcək tək var­lıq sən oldun – yalnız sən! İndi anladınmı, niyə məhz sən, başqası yox, sən?!”

Bu sözlər o qədər səmimi, o qədər həzin deyil­miş­di ki, bir anlığa hər şeyi unudub dəli bir ehtirasla, onu qucaq­la­yıb öpüşlərə qərq etmək istədim. Amma bacar­ma­dım – beynimdən keçən ötəri fikirlər ürəyimdəki hisslərlə uzlaşmadı…

***

Evə gəldim, fikir məni götürdü. Zərifənin bu ha­lın­da, psixoloji sarsıntılar keçirdiyi bir vəziyyətdə qeyri-müəyyən hisslər içində qovrulan zərif bir var­lıq­dan istifadə etmək, ürəyimdə heç bir şey hiss etmədiyim bir qadının çarəsiz hiss­ləriylə oynamaq nə qədər qəbulediləndir, nə qədər in­sanidir? Birinə yaxşılıq edərkən (bunun yaxşılıq olduğunun özü də suallarla doludur), digər birinin – hələ dünyaya gəlməmiş məsum bir körpənin həyatı ilə oynamağa sənə kim haqq verir? Yaranan bu suallar­dan az qalırdı ki, beynim partlasın. İndi içimdə iki “mən” bir-biri ilə vuruşurdu. Biri təklik burulğanında bo­ğulmaqda olan, çarəsizliyindən nə istədiyinin fər­qi­nə belə varmayan, nə vaxtlarsa, yolunda hər şeyə ha­zır ol­du­ğum, indi məndən yalvararaq hümmət uman bir qa­dına nail olmağa bu qədər yaxın olan və san­ki, bu im­kanı buraxmaq istəməyən bir fürsətçı, di­gə­ri isə, yeni ailə qurmağı planlaşdıran, sevgiyə, mə­həb­bətə ən ülvi hisslər kimi baxan, keçmişə ehtiram, bu günə inam, gələcəyə ümidlə yaşayan alicənab, gənc bir oğlan! Bu fikirlər içində çırpınaraq doğru qə­rar vermək nə qədər də çətindi! Fürsətçilik qalib gəl­məkdə idi. Birdən içimdən gələn bir səs, bir qüvvə sanki məni yuxudan ayıltmaq üçün var gücü ilə sil­kələdi: sən bu qədərmi alçalmısan, sən bu qədərmi vic­danını itirmisən, sən bu qədərmi məsuliy­yət­siz­sən? Mənə elə gəldi ki, ətrafda hər şey: evimiz, ağaclar, çəpərimizin dibin­dən axan boz-bulanıq arx, tut ağacına qonmuş quşlar belə, öz qəmli nəğmələriylə, mənə qarşı qalxmışdı. – Yox, yox, mən bunu bacar­ma­ram. Qoy mənə qorxaq desin, istəyirsə, lap nifrət et­sin, ancaq mən, ani bir həzz xətrinə, ömürlük peşman ola biləcəyim bir səhvə yol verməməliyəm.

Səhəri gün ona xəbər vermədən yığışıb şəhərə qayıtdım.

… Biz bir daha görüşmədik. Sonradan eşitdim ki, mən gedəndən sonra boşanıb və çox keçmədən qonşu kənddən biri ilə evlənib. Bir il sonra qulağıma bir xə­bər də çatdı. Oğlu dünyaya gəlmişdi. Adını İlyas qoy­muşdu…

… Bələdçinin səsi eşidildi: Minvod stansiyasına çatırıq, düşənlər hazırlaşsınlar. Sonra o, bir-bir kupe­lə­rin qapısını taqqıldada-taqqıldada bir o başa, bir də bu başa getdi və bir neçə dəqiqədən sonra qatar, dağ döşünə dırmaşan yorğun at kimi, töyşüyərək da­yan­dı.

İlyas yorğun gözlərini ovuşdurdu, sanki, söy­lə­dik­lərinin mənəvi ağırlığından qurtulmaq üçün: Yat­maq istəyirəm, – deyib işığı söndürdü.

Uzun müddət gözümə yuxu getmədi. Beynimdə hey bir sual dolaşırdı: “Görəsən, İlyasın yerində mən ol­saydım, necə hərəkət edərdim?”

 

May, iyun 2020-ci il

Buzovna

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb

Sonrakı məqalə

“Türkiyə ilə Birgə Mərkəz yaxşı nümunədir” –