İsgəndər Həmidovun vəziyyəti kritikdir –

Mütəmadi tənəffüs pozuntuları qeyd edilir (HƏKİM RƏYİ)
13 Fevral 2020 - 12:25

Bir həftə əvvəl Mərkəzi Klinik Xəstəxanadan “City Hospital”a köçürülən Milli Azadlıq Hərəkatının liderlərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik olaraq qalır.

Bunu tibb elmləri dosenti, professor Adil Qeybulla son durumula bağlı açıqlayıb. O, həkimlərin sabiq nazirin həyatı ilə çarpışdıqlarını bildirib: “İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritikdir. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı üçün çarpışırlar. Allah şəfa versin, dualarımız onunladır”.