“İşğaldan azad olunan rayonlarda 288 mədəniyyət müəssisəsi tamamilə dağıdılıb”-Anar Kərimov

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Qarabağa qayıdış, işğaldan azad olunan torpaqlarda mədəniyyət infrastrukturunun yaradılması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Ötən müddətdə tarixi hadisələrin baş verdiyini, ölkəmizin Vətən müharibəsində qalib gəldiyini deyən Anar Kərimov bu günlər ümumxalq sevincini yaşadığımız böyük zəfər münasibətilə mədəniyyət xadimlərinə təbriklərini çatdırıb. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad edib. Bu müharibədə qəhrəmanlıq göstərən Vətən övladları sırasında mədəniyyət işçiləri də var. Müharibədə iştirak etmiş 65 nəfər mədəniyyət işçisindən 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Vətən uğrunda canlarından keçən bu gənclər adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. 6 nəfər döyüşlərdə yaralanıb, ümumilikdə 162 nəfəri mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

Anar Kərimov qeyd etdib ki, Vətən müharibəsi günlərində xalqımız, o cümlədən mədəniyyət xadimləri, yaradıcı insanlar, Ali Baş Komandanın da vurğuladığı kimi, bir yumruq kimi birləşərək öz həmrəyliyini göstərib, müzəffər Ordumuza dəstək veriblər. Mədəniyyət Nazirliyinin də bu prosesdə aktiv iştirak etdiyini deyən Anar Kərimov bildirib ki, iki əsas istiqamətdə fəaliyyət həyata keçirilib: ölkə daxilində vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağla bağlı zəngin irsimizin təbliği və xaricdə bəzi dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyasına cavab verilməsi, Azərbaycan həqiqətlərinin yayılması.

Sonra Anar Kərimov Vətən müharibəsi günlərində nazirlik tərəfindən internet üzərindən, o cümlədən sosial şəbəkələr vasitəsilə həyata keçirilən və bir qismi indi də davam edən “Qarabağ – mədəniyyətimizin beşiyi”, “Ordumuz üçün yarat”. “Qarabağnamə”, “Mənim qəhrəman əsgərim” ədəbi müsabiqəsi, “Biz bərpa edəcəyik” və başqa layihələr barədə məlumat verib. Vurğulayıb ki, Qarabağın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası, insanların doğma yurdlarına qayıdışı deyil, eyni zamanda bu torpaqlara geniş anlamda mədəniyyətin qayıtması deməkdir: “Ona görə də bu yöndə layihə və aksiyalarımızı “Mədəniyyəti Qarabağa qaytarırıq” devizi ilə həyata keçiririk. Biz bu torpaqlara mədəniyyəti qaytarmaqla, oradakı tarixi-mədəni irsi bərpa etməklə dünyaya da göstərəcəyik ki, Qarabağda 30 ilə yaxın vandalizmlə, talanla məşğul olanlardan fərqli olaraq, bu yerlərin əsl və əzəli sahibi kimlərdir”.

Anar Kərimov diqqətə çatdırıb ki, bu günlər bəzi ölkələrdə, beynəlxalq dairələrdə guya Qarabağdakı xristian irsinin məhv edilməsi ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır: “Bu çirkin kampaniyaya cavab olaraq “Xristian irsimizi tanıyaq” adlı layihəyə başladıq. Təkcə Qarabağda deyil, bütün Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələrlə bağlı hazırlanan videoçarxlar geniş rezonans doğurub. Bir sıra xarici KİV-lərdən bu mövzuda bizə müraciətlər də olub”.

Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən bu xüsusda ABŞ-dakı Metropolitan İncəsənət Muzeyinin, Fransanın, Rusiyanın bir qrup mədəniyyət xadiminin qərəzli mövqeyi ilə bəyanatlar verilib. Bundan əlavə, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, dinc insanları qətlə yetirməsi, eləcə də azad olunmuş ərazilərdə aparılan ilkin monitorinq nəticəsində üzə çıxan faktlar, ermənilərin Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməlləri barədə beynəlxalq təşkilatlara, 150-dən çox ölkənin mədəniyyət nazirlərinə müraciətlər göndərilib.

Bildirilib ki, ölkə başçısının müvafiq sərəncamı əsasında işğaldan azad olunmuş rayonlarda yaradılan müvəqqəti komendaturalar nəzdindəki işçi qruplarda Mədəniyyət Nazirliyinin nümayəndələri də təmsil olunur. Beş rayonda ilkin monitorinqlər zamanı 288 mədəniyyət müəssisəsi üzrə qeydiyyat aparılıb və onların demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. İlkin monitorinqlər zamanı 162 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə də baxış keçirilib. 63 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı, digərlərinin vandalizmə məruz qaldığı aşkar edilib. Hazırda monitorinq davam edir və onun nəticələri mütəmadi olaraq beynəlxalq təşkilatlara da təqdim olunacaq. Həmçinin Şuşa şəhərində ölkə başçısının müvafiq sərəncamına əsasən, mədəniyyət müəssisləri və obyektləri ilə bağlı invertarlaşdırma işləri aparılır.

“Qarabağda bizi böyük quruculuq işləri gözləyir” deyən A.Kərimov diqqətə çatdırıb ki, bu görüşün məqsədi də dövlət tərəfindən həyata keçiriləcək Böyük Qayıdış proqramında mədəniyyət xadimlərinin, müvafiq sahələr üzrə mütəxəssislərin, yaradıcı təşkilatların iştirakı, bu işə verə biləcəyimiz töhfələr barədə fikirləri dinləməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyadan gələn humanitar yük Azərbaycanın Dağlıq Qarabağ ərazisinə çatdırılıb

Sonrakı məqalə

Ağdam rayonunun Əhmədavar kəndindən görüntülər –