İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər müəyyən olunub

12 May 2021 - 09:58

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 11-də Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.