İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantinə salınmaya bilər

18 İyun 2020 - 12:55

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC  (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

Yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılıb. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.