İstehlakçı İrşaddan şikayətçidir: “Kimə istəyirsən şikayət et” dedilər

“İrşad”
“İrşad”

Bakıda yaşayan vətəndaş Çingiz Abdullayev məişət texnikası satışı ilə məşğul olan İrşad mağazalar şəbəkəsindən narazılığını ictimailəşdirib.

AzPost xəbər verir ki, vətəndaşın sözlərinə görə, valideynləri 7 iyun 2026-cı il tarixində şirkətin Əhmədli filialından Beko markalı soyuducu alıblar. Məhsul evə çatdırıldıqdan sonra onun mühərrik hissəsində əziklərin olduğu müəyyən edilib. Alıcı bildirir ki, soyuducu istifadə edilmədən, çatdırılmadan bir gün sonra mağazaya müraciət edilərək məhsulun dəyişdirilməsi tələb olunub.

Şikayətçinin iddiasına əsasən, mağaza əməkdaşları məhsulun bu vəziyyətinin normal olduğunu bildirərək dəyişdirilməsinə razılıq verməyiblər. Daha sonra servis xidmətinin gəlməsi tələb edilib. Servis əməkdaşlarının baxış keçirdiyini qeyd edən vətəndaş onların da məhsulu götürmədiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə zəng və müraciət edilməsinə baxmayaraq, hər dəfə “sizinlə əlaqə saxlanılacaq” cavabı verilib.

Çingiz Abdullayev qeyd edir ki, atası şirkətin baş ofisinə müraciət etsə də, problem həllini tapmayıb. O, məhsulun dəyişdirilməməsi səbəbindən maddi ziyana məruz qaldığını, soyuducunun işləməməsi nəticəsində ərzaqların xarab olduğunu iddia edir. Vətəndaş həmçinin istehlakçı hüquqlarının pozulduğunu bildirərək aidiyyəti qurumların məsələyə münasibət bildirməsini istəyib.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. İrşad mağazalar şəbəkəsinin açıqlaması olduğu təqdirdə materiala əlavə olunacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.