Martın 7-də İsveçrədə burka və niqab kimi üz örtüklərinin yasaqlanması üzrə referendum keçiriləcək. Rəy sorğuları isveçrəli seçicilərin 60 faizinin burkaya qadağanı dəstəklədiyini üzə çıxarıb.
İki vilayətdə qadağa qüvvədədir
“The Washington Post” qəzetində britaniyalı yazar və siyasətçi Rabina Xan yazıb belə bir referendum qadın hüquqlarına təhqirdir. Müəllif səsvermənin 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilməsini isə ironik hesab edir. “Müsəlman qadınların üz örtüyü taxması hüququnu ləğv etmək bərabərlik deyil”, – o vurğulayır.
Elə İsveçrə hökuməti də seçicilərə federal təklifi rədd etməyi tövsiyə edib, bu qadağanın vilayətlərin suverenliyini pozacağını, turizmə ziyan vuracağını, qadınların müəyyən qrupuna kömək etməyəcəyini bildirib. Ölkənin iki vilayətində artıq belə bir qadağa var.
Müəllif qeyd edir ki, tarixdə qadınların siyasi zorakılıqda rolunun onların geyimi ilə əlaqəsi olmayıb.
“İsveçrə əhalisinin 5 faizi müsəlmanlardır. 2018-ci ildə keçirilmiş rəy sorğusuna görə, ölkədə islama inamsızlıq müsəlmanlarla bağlı mənfi rəylərdən üç dəfə çoxdur. Niqab geyinən qadınlara islamın ekstremist tərəfi ilə assosiasiyadan dolayı mənfi yanaşılırsa, bu saxta stereotipdir və onun kökünü kəsməliyik”, – məqalədə deyilir.
İsveçrənin dünyaya mesajı
Müəllifin fikrincə, İsveçrədə burka və niqaba qadağa ölkənin imicinə, turizm sektoruna zərbə vurar, dünyaya yanlış mesaj göndərər.
Rabina Xan özü də hicab geyinir və martda onun “Örtük altında saçımın rəngi çəhrayıdır” adlı kitabı çapdan çıxacaq. O yazır ki, 2015-ci ildə Londonun şərqində mer seçkilərinə qatılanda ağdərili bir kişi ondan saçının nə rəngdə olduğunu soruşub. O da “çəhrayıdır” cavabını verib.
“Uşaqlığım 1970-ci illərdə Kentdə keçib, yaşadığımız küçədə bircə bizim ailə tünd dərili idi. O vaxtdan Londonadək keçdiyim həyat yolumda hicablı müsəlman qadın, fəal, yazıçı kimi ayrıseçkiliklə üzləşdim və stereotipləri qırmağa çalışdım”, – o vurğulayır.
2011-ci ildə Fransa ictimai yerlərdə üz örtüyünü qadağan edən ilk Avropa ölkəsi oldu. Onun ardınca Danimarka, Avstriya, Belçika, Latviya və Norveç kimi ölkələr də burkanı tam, yaxud qismən qadağan etdi. Bu qadağalar təhlükəsizlik tədbiri kimi yozulub. (Azadlıq Radiosu)