İtaliyanın xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilib

18 Fevral 2021 - 14:42

İtaliyanın “agenziastampa.net” xəbər portalında “Xocalı soyqırımı”
sərlövhəli məqalə yerləşdirilib.

Bu barədə Azpost.info-ya Diaspora Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə saytda yerləşdirilən məqalədə Dağlıq
Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı
dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan
II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.
Yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz
qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi
müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin
erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.
Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj
Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı
Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte
Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini
yazdığı nəzərə çatdırılıb
Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən
tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş
Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər
yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

Il genocidio di Khojaly