“İyunun 1-dən sonra iri ticarət mərkəzlərinin, “mall”arın açılması və rayonlara gediş-gəlişin bərpası gündəmdədir. Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, iyunda ölkəmizdə kütləvi tədbirlərin, toy mərasimlərinin keçirilməsini məqbul hesab edilməyib. “Epidemioloji vəziyyət buna imkan vermir”.
O, rayonlara səfər üçün yolların açılması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Rayonlara gediş-gəlişin bərpasına gəlincə isə bunun şəxsi avtomobıl və ya ictimai nəqliyyatla olması da müzakirə edilir. Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Bununla bağlı təlimatlar, göstərişlər hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman tədbirləri ilə bağlı məsələ də müzakirə olunur”, – deyə R.Bayramlı qeyd edib.
TƏBİB-in rəhbəri qeyd edib ki, Azərbaycanda xüsusi karantin rejiminin uzadılması epidemik göstəricilərdən asılı olacaq.