“AXC xalqın azadlıq məfkurəsini milli ideyaya çevirdi” –YAP icra katibi Əli Əhmədov

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir”.

Bu fikirləri bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov YAP İcra Katibliyində 28 May – Respublika Gününə həsr olunmuş “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusundakı videokonfransda çıxışı zamanı söyləyib.

Baş Nazirin müavini deyib ki, 1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü.

Əli Əhmədovu sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, onun tarixi əhəmiyyəti heç də başa çatmadı. Çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyalar qoyub getdi, o dövrdə atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər bir əhəmiyyəti odur ki, onun yaranması ilə bir daha gələcəkdə Azərbaycanın müstəqilliyinə qovuşması üçün hüquqi fundament yaranmış oldu. Çünki 1920-ci ildə cümhuriyyət süqut etdikdən sonra Rusiya imperiyasının yerində sovet imperiyası yarandıqda Azərbaycan bu quruma ittifaq respublikalarından biri kimi qoşuldu. 1991-ci ildə SSRİ süqut etdikdə isə Azərbaycan müstəqilliyini bərpa etdi.

Əli Əhmədov bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı və qurucusu olan insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi. Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib”.

Baş Nazirin müavini deyib ki, işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır. YAP Sədrinin müavini söyləyib ki, bütövlükdə 100 ildən çox müddətdə müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istək və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir, Prezident İlham Əliyevin siyasəti daha böyük nailiyyətlərin qazanılmasına əsaslar yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İyunun1-dən sonra iri ticarət mərkəzlərinin açılması gözlənilir –

Sonrakı məqalə

“Atabank” və “Amrahbank”ın müştərilərinə kompensasiya nağd verilməyəcək