İzmirdə Böyükşəhər Bələdiyyəsi və daha 41 bina təcili söküləcək-

Zəlzələdə həlak olanların sayı 73 nəfərə çatıb
02 Noyabr 2020 - 08:56

İndiyə kimi 2 min 234 bina araşdırılıb. Ciddi ziyan görən və təcili söküləcək tikililərin sayı 41-ə çatıb.

Bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum ölkənin İzmir vilayətində baş vermiş zəlzələ ilə bağlı araşdırmaların ilkin nəticəsini açıqlayarkən bildirib.

Zəlzələ baş verən andan axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdirildiyini vurğulayan nazir deyib: “Zəlzələdən sonra İzmirin Seferihisar rayonunda baş vermiş sunami nəticəsində təxminən 200 iş yerinə zərər dəyib. Bu da təxminən 15 milyon türk lirəsi təşkil edir. Bununla bağlı qismən ödəmələrə başlanılıb”.

Qeyd edək ki, ziyan görən binalar arasında İzmir Böyükşəhər Bələdiyyəsinin inzibati binası da var. Bölgədəki binaların araşdırılmasına dair son nəticələr əldə edilənə kimi, bələdiyyə binasının fəaliyyəti tam dayandırılıb.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb.