Əməkdar jurnalist, “Olaylar” qəzetinin əməkdaşı, Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəylinin xarici mediada növbəti məqaləsi dərc edilib.
Müəllifin bu dəfəki yazısı 29 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma həsr olunub. “Xocalı-XX əsrin ən dəhşətli soyqırımı” adlı məqalə Misirin məşhur aldiplomasy.com, aldawlanews.com, eləcə də İordaniyanın nayrouz.com saytlarında dərc edilib. Müəllif məqalədə ermənilərin 29 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklərdən yazır. Bildirir ki, insanlıq əleyhinə yönəlmiş bu soyqırım zamanı 613 mülki vətəndaş ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca və ahıl şəxslər idi. Həmçinin 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilənlərlə yanaşı 76-sı uşaq olmaqla, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralandı.
Məqalə müəllifi yazır ki, erməni silahlı birləşmələri Xocalıda XX əsrin ən ağır cinayətini törədib azərbaycanlıları kütləvi şəkildə soyqırıma məruz qoyduqdan sonra şəhərin sağ qalan 1275 nəfər sakinini isə əsir götürərək Ermənistana aparırlar. 29 il əvvəl ermənilər tərəfindən əsir götürülən 1275 Xocalı sakininin 150 nəfərinin taleyi bu günə qədər də naməlum olaraq qalır ki, onlardan da 68 nəfəri qadın, 26 nəfəri isə uşaq olub.
Süleyman İsmayılbəyli Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi faktının erməni canilər tərəfindən etiraf edildiyini də məqalədə qeyd edir və sabiq Ermənistan prezidenti Serj Sərkisyan, həmçinin erməni yazıçı Zori Balayan, David Xerdiyanın bununla bağlı etiraflarını diqqətə çatdırır.
Süleyman İsmayılbəyli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən etibarən başlamış olduğu “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrinin bu soyqırımı pisləyən bəyanatlar, qərarlar qəbul etdiyini, onu tanıdığını da diqqətə çatdırır.
Sonda məqalə müəllifi ümid edir ki, tezliklə Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni caniləri törətdikləri insanlıq əleyhinə cinayətlərə, soyqırıma görə məsuliyyətə cəlb ediləcəklər.