Kəlbəcərdə Xudavəng məbədində olan erməni keşişləri oranı tərk edib

22 İyul 2021 - 16:15

Azərbaycan erməni keşişlərinə Kəlbəcərdəki Xudavəng məbədinə girişini qadağan edib.

Azpost.info bildirir ki, bu barədə məbəddə əvvələr keşiş olan Nerses Arutunyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq 3 aydır din xadimlərinin məbəd ərazisinə girişini bağlayıb: “Azərbaycanlılar sadəcə “olmaz, bitdi” deyirlər. May ayından monastıra gedə bilmirik”.

Erməni ziyarətçiləri də məbəd ərazisinə artıq buraxılımır. Hazırda müharibədən sonra Xudavəng monastırında qalmış 6 erməni keşişi Qandzasardadır.

Xudavəng monastırı Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

Erməni qoşunları bölgədən çıxarıldıqdan sonra monastır Rusiya sülhməramlı qüvvələrinin himayəsinə verilir. Lakin 28 noyabr 2020-ci ildə Azərbaycan Müdafiə Nazirliyi monastırın içərisindən video yayımlayır. Azərbaycan hakimiyyəti erməni rahiblərin monastırda qalmasına icazə verir. 4 dekabr 2020-ci ildə Qafqaz albanlarının etnik və mədəni varisləri olan Azərbaycanın udi icmasının nümayəndələri kompleksi ziyarət edirlər və monastırın içərisində liturgiya keçirirlər. 5 dekabrda udi xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunur.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra  ermənilər Xudavəng monastırını tərk edərkən monastırın baş rahibi kompleksdəki xristian incəsənət nümunələrini, o cümlədən zınqırov və xaç daşları Ermənistana aparıb. Azərbaycan Mədəniyyət Nazirliyi bunu qeyri-qanuni fəaliyyətlər adlandırıb və bununla bağlı zəruri hüquqi proseduraların tətbiqi üçün tədbirlər görüləcəyini bəyan edib.