Kabil aeroportu yenidən açılıb –Hava limanına ABŞ nəzarət edir

Avqustun 17-də səhər Kabil aeroportu yenidən açılıb. Bir gün öncə təhlükəsizliyin pozulması səbəbindən evakuasiya əməliyyatlarına fasilə verilmişdi.

Avqustun 16-da minlərlə əfqan ölkəni tərk etməyə çalışdığından Kabil aeroportunda xaos yaranıb. ABŞ ordusu və beynəlxalq qüvvələr isə uçuş meydançasının təmizləmək məqsədilə uçuşları dayandırıblar. Aeroportdakı qarışıqlıqda azı yeddi nəfər həlak olub.

Uçuşlara nəzarət olunur

ABŞ rəsmisi Hamid Karzai Beynəlxalq Aeroportunda hərbi və kommersiya uçuşlarına Birləşmiş Ştatların nəzarət etdiyini açıqlayıb.

Avqustun 15-də Prezident Əşrəf Qani xaricə qaçıb, Taliban isə Kabili tutub. Hazırda Qərb hökumətləri öz vətəndaşlarını və onlarla işləmiş əfqanları evakuasiya etməyə çalışırlar.

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda deyib ki, “minlərlə” amerikalı və onlarla işləmiş əfqan yaxın günlərdə evakuasiya olunacaq.

O, Talibanı ABŞ-ın maraqlarına hücum edəcəyi halda “dağıdıcı” hərbi cavabla hədələyib.

Aeroport açılandan sonra Əfqanıstana göndərilmiş üç Almaniya təyyarəsi Kabildən qalxıb.

Almaniya ordusunun məlumatına görə, evakuasiyaları sürətləndirmək üçün uçuşlar Kabillə Özbəkistan paytaxtı Daşkənd arasında həyata keçiriləcək. Adamlar Daşkənddən başqa reyslərlə Almaniyaya yola salınacaq.

Almaniya avqustun 16-da bildirib ki, minlərlə ikili vətəndaşlığı olanları, insan haqları fəalını, eləcə də NATO qüvvələri ilə işləmiş digər şəxsləri çıxaracaqlar.

Fransa Prezidenti Emmanuel Makron ölkəsi üçün işləmiş əfqanları, incəsənət adamlarını, fəalları, Talibanın təhdid yaratdığı digər şəxsləri tək etməyəcəyini vəd edib.

Makron deyib ki, illər boyu Fransaya kömək etmiş şəxsləri qorumaq “çox vacibdir”. Onun sözlərinə görə, xüsusi qüvvələrlə təmin olunmuş iki hərbi nəqliyyat təyyarəsi Kabilə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya Azərbaycanda cinayətkarlığa necə təsir edib?

Sonrakı məqalə

“Qarabağda törədilmiş erməni vəhşiliyini dünyaya göstərəcəyik” –