Kanadada Britaniya kraliçasının heykəlini yıxdılar –FOTO

İyulun 2-də Kanadanın Vinnipeq şəhərində keçirilən etiraz aksiyasının iştirakçıları Britaniyanın iki kraliçasının heykəllərini yıxıblar.

Onlardan biri Britaniya imperiyasına XIX əsrdə hökmdarlıq etmiş kraliça Viktoriya, digəri isə hazırda Britaniya taxtında oturan kraliça II Elizabetdir.

Kanada Konstitusiyasına görə o formal olaraq Kanada dövlətinin başçısı hesab olunur.

BBC yazır ki, heykəlləri Britaniya müstəmləkəçiliyinin Kanadada qoyduğu irsə, daha dəqiq deyilərsə bu ölkənin avtoxton əhalisinə qəddar münasibətə etiraz olaraq yıxıblar.

Ümumiyyətlə, son həftələr ərzində Kanadada yerli xalqların uşaqları üçün internat məktəblərin həyətlərində bir neçə kütləvi məzarlıq aşkar edilib.

Bu məzarlıqlarda 1900-1970-ci illər arasında ölmüş ən balacası üç yaşında olan yüzlərlə uşağın sümükləri aşkar olunub.

Həmin vaxtlar internat məktəblər yerli xalqların uşaqlarının zorla assimilyasiya edilməsi və onların dil və mədəniyyətlərinin unutdurulması – Kanada dövləti siyasətinin bir hissəsi idi.

Uşaqlar internatlarda əsasən ağır həyat şəraitinə görə ölürdülər. Bu məktəblər köhnə, pis qızdırılan və pis işıqlandırılan binalarda yerləşirdi.

Bu internatlarda antisanitariya tüğyan edirdi.

Assimilyasiya proqramı Kanadada 1863-cü ildən 1998-ci ilədək mövcud olub.

Bu illər ərzində hakimiyyət orqanları 150 minədək hindu uşağı valideynlərindən zorla qopararaq bu internatlara gətirirdi.

İnternatlarda ana dilində danışmaq qadağan idi. Uşaqlara hindu həyat tərzi və adətlərini unutdururdular.

2008-ci ildə təşkil edilmiş komissiya bu nəticəyə gəlmişdi ki, həmin məktəblərin əksər müdavimləri doğma icmalarına heç vaxt qayıtmayıblar. Məktəblərdəykən ölən uşaqlaırn sayı 6 min civarında təxmin edilir.

Komissiya məcburi assimilyasiya siyasətini “mədəni soyqırım” adlandırmışdı.

Məhz buna görə də Kanadanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyalarının iştirakçıları müstəmləkəçilik qalıqlarının aradan qaldırılmasını tələb edirlər.

Kanada Britaniya imperiyasının keçmiş dominionudur.

Ölkə indi də konstitusiyalı monarxiya olaraq qalır. Hazırda Kanadanın rəsmi dövlət başçısı Britaniya kraliçası II Elizabetdir.

Onu Kanadada mərasim səlahiyyətləri olan general-qubernator təmsil edir.

Amma əsl hakimiyyət əlbəttə, Kanada parlamenti tərəfindən təyin edilən baş nazirdir.

Britaniya hökuməti iki heykəlin dağıdılmasını qətiyyətlə pislədiyini bildirib.

Hökumət sözçüsü iyulun 2-də deyib:

“Biz əlbəttə, kraliçanın heykəlinin yıxılmasını pisləyirik”.

Bununla yanaşı sözçü əlavə edib ki, Britaniya hökuməti Kanadanın yerli icmaları ilə bağlı üzə çıxmış bu faciəli tapıntılardan təəssüflənir.

London bildirir ki, hökumət Kanada ilə birlikdə bu problemi diqqətlə öyrənməkdə davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstan ordusu Tacikistana qaçır

Sonrakı məqalə

Xəzərdə püskürən palçıq vulkanı sönməyə doğru gedir –