“Keçmiş sevgilisindən ayıracağam” dedi, 302 min manat aldı– Falçı həbs edildi

Həbs
Həbs

Bakıda özünü falçı kimi təqdim edərək bir şəxsdən külli miqdarda pul aldığı bildirilən Şərəf Əli-zadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Şərəf Əli-zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə həbs edilməsini istəyib.

302 min manat necə ələ keçirilib?

İttihama görə, Şərəf Əli-zadə özünü insanlara cadu və pis əməllərdən “təmizləyə” bilən falçı kimi təqdim edib.

O, 2023-cü ilin fevralından 2024-cü ilin dekabrınadək olan müddətdə İsmayıl Məmmədova müxtəlif vədlər verib.

Belə ki, təqsirləndirilən şəxsin Məmmədova onun sevdiyi xanımla ailə qurmasına kömək edəcəyini, həmin xanımı narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağını vəd etdiyi bildirilir.

Bundan başqa, yüksək maaşlı işə düzəltməyə və tanışlarından birinin xəstə qadının sağalmasına kömək göstərəcəyini də vəd etdiyi qeyd olunur.

İttihama əsasən, bu vədlərlə müxtəlif vaxtlarda İsmayıl Məmmədovdan pul alan Şərəf Əli-zadə ona ümumilikdə 302 min 894 manat maddi ziyan vurub.

Cinayət işi açılıb

Faktla bağlı cinayət işi başlanıb.

Şərəf Əli-zadə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi – külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.