KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib

10 Dekabr 2020 - 11:15

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2021-ci ilin I yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

KİVDF-dən verilən məlumata görə, fondun Müşahidə Şurasının iclasında qəzet redaksiyalarının maliyyələşdirilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Beləliklə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Sənəd qəbulu 10 dekabr 2020-ci il tarixindən başlanır və 24 dekabr 2020-ci il tarixində saat 18:00-da bitir.

Müsabiqədə mib.kivdf.gov.az portalında qeydiyyatdan keçməklə və ya sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etməklə iştirak etmək olar.

Ətraflı məlumatı kivdf.gov.az saytından əldə etmək mümkündür.