Avstraliyada oxuyan azərbaycanlı tələbə xaric olunmaq təhlükəsində –25 min manat niyə ödənilmir?

Avstraliyanın Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusifli universitetdən xaric olunmaq təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb.

Afaq Yusiflinin sözlərinə görə, onun təhsil haqqının ödənilməsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına ayrılmış 25 500 manat vəsait mart ayından universitetə köçürülməyib. Tələbə bununla bağlı artıq universitetdən dördüncü xəbərdarlığı aldığını bildirib.

O qeyd edib ki, universitet tərəfindən ona oktyabrın ilk həftəsinə qədər ikinci semestrin ödənişi həyata keçirilməsə, təhsili ilə bağlı sanksiya tətbiq olunacağı bildirilib.

Yusifli vurğulayıb ki, məsələ Azərbaycan dövlətinin onun təhsilinə göstərdiyi dəstəklə bağlı deyil.

Onun sözlərinə görə, təhsil haqqının 50 faizi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində qarşılanır. Birinci semestr üçün 19 485 ABŞ dolları, üçüncü semestr üçün isə 15 min ABŞ dolları digər qurum tərəfindən Azərbaycan dövləti hesabına artıq universitetə ödənilib.

Mövcud müqavilə və ödəniş qrafikinə əsasən, dördüncü semestr üzrə ödənişin də 2027-ci ilin birinci rübündə həyata keçirilməsi nəzərdə tutulur.

“Azərbaycan dövlətinin mənim təhsilimlə bağlı dəstəyi realdır və artıq həyata keçirilir. Problem 25 500 manatın vaxtında ödənib-ödənilməyəcəyidir”, – Yusifli bildirib.

Tələbənin sözlərinə görə, sözügedən vəsait 2025-ci ilin dekabrından etibarən onun təhsil haqqına dəstək göstərən qurum tərəfindən ayrılıb. Lakin 2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayanıb.

Yusifli bildirib ki, ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi prosesə mane olub. İttifaqda seçkilərlə bağlı prosesin uzanması və digər məsələlər səbəbindən problem aylar ərzində həllini tapmayıb.

Hazırda İttifaqda olan vəsaitin tələbənin şəxsi hesabına köçürülməsi variantına razılıq verilsə də, bu dəfə də universitetdə hüquqi məsələ yaranıb. Yusiflinin sözlərinə görə, Avstraliya vizası üçün təqdim etdiyi sənədlərdə təhsil haqqının müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib. Buna görə də rəsmi quruma məxsus vəsaitin tələbənin şəxsi hesabından universitetə ödənilməsi universitet tərəfindən sual doğurur.

Beləliklə, tələbənin sözlərinə görə, vəsait mövcuddur, lakin onun universitetə köçürülməsi mümkün olmur.

Afaq Yusifli bildirib ki, birinci semestrdə də xaric olunmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın Avstraliyadakı səfirliyi məsələyə müdaxilə edib, universitetə rəsmi məktub göndərib və digər ödənişlərin sürətlə həyata keçirilməsi üçün danışıqlar aparıb. Nəticədə universitet tələbəyə əlavə altı ay vaxt verib.

Lakin indi həmin müddət də başa çatır.

Yusifli qeyd edib ki, ailəsinin 25 500 manatlıq təhsil haqqını ödəmək imkanı yoxdur. O, Avstraliyada aylıq yaşayış xərclərinin təxminən 2500 manat təşkil etdiyini, viza üçün 3500 manat, Azərbaycandan Avstraliyaya bir istiqamətli uçuş üçün isə 4900 manat xərcləndiyini bildirib.

Onun sözlərinə görə, İttifaqda şəxsi xərcləri üçün ayrılmış 5 500 manat vəsait də var, lakin həmin pulu da hazırda ala bilmir.

Afaq Yusifli buna baxmayaraq, Melburn Universitetində aktiv şəkildə təhsil aldığını və müxtəlif kino layihələrində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan kino tarixi və Cəfər Cabbarlı haqqında video film hazırlayıb, Qarabağın işğalı məsələsi ilə bağlı vizual araşdırma təqdim edib.

Hazırda beynəlxalq tələbələrdən ibarət yaradıcı qruplarla 6 film layihəsində iştirak etdiyini deyən Yusifli bir layihədə prodüser, birində müştərək prodüser, birində ikinci rejissor, iki layihədə səs rejissoru, birində isə quruluşçu rəssam kimi çalışdığını bildirib.

O, sentyabrın sonunda istehsalına başlanacaq Virtual Production layihəsinin də prodüserlərindən biridir.

Tələbə bildirib ki, məqsədi sadəcə xaricdə diplom almaq deyil. O, əldə etdiyi bilik və təcrübəni gələcəkdə Azərbaycan kino sənayesinə gətirmək istəyir.

Yusiflinin sözlərinə görə, Mədəniyyət Nazirliyinin son iki ildə elan etdiyi Xaricdə Təhsil Proqramı çərçivəsində kino istehsalı üzrə cəmi üç nəfər təhsil alır. O, həmin tələbələrdən biridir.

Afaq Yusifli məsələnin ictimailəşdirilməsini son çıxış yolu kimi gördüyünü bildirib. Onun sözlərinə görə, aylar ərzində problemin həll olunacağına ümid edib və müxtəlif özəl qurumlara müraciət edib, lakin nəticə əldə etməyib.

“Mən sizdən cib pulu istəmirəm. Mən sizdən şəxsi həyatım üçün maddi yardım istəmirəm. Mən sadəcə bilmək istəyirəm ki, mən indi nə etməliyəm?” – deyə tələbə müraciət edib.

O bildirib ki, oktyabrın ilk həftəsində universitetdən xaric olunacağı təqdirdə indiyədək Azərbaycan dövləti tərəfindən onun təhsilinə yatırılmış vəsaitlərin də geri qaytarılması ilə bağlı problem yarana bilər.

“Mən sadəcə bir tələbəyəm və öz təhsilimi davam etdirmək istəyirəm. Mənim universitetdən qovulmamağım üçün bu məsələnin həllinə kömək edə biləcək hər kəsdən xahişim var: bu problemin həllinə yol göstərin. Çünki mən artıq həqiqətən bilmirəm: mən indi nə etməliyəm?”, – Afaq Yusifli bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.