ABŞ Konqresinin Nümayəndələr Palatasında impiçment prosesi çərçivəsində prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə müzakirələr keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələrin yekununda Nümayəndələr Palatası vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə Donald Trampın impiçmentinə səs verib.
Bununla da ABŞ prezidentinə qarşı impiçment elan olunub.
Sonrakı proseduralara görə, Trampın hakimiyyətdən kənarlaşdırılma üzrə impiçment prosesi Konqresin yuxarı palatası olan Senata keçiriləcək. Burada senatorların hakim, Nümayəndələr palatası üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi məhkəmə prosesi gerçəkləşəcək. Prosesin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır.
Hazırda ABŞ Senatında çoxluğun respublikaçıların əlində olmasını nəzərə alsaq, çox güman ki, impiçment prosesi məntiqi sonluğuna çatmayacaq.
Qeyd edək ki, Donald Tramp hakimiyyətdən uzaqlaşdırılmasa belə, tarixdə rəsmən “impiçment elan olunan” prezident adlandırılacaq.