Saatlıda kooperativ təsərrüfatlara dəstək layihəsinin yekun tədbiri keçirilib

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Muğan bölgəsində kooperativ təsərrüfatlarının yaradılmasına dəstək” layihəsi çərçivəsində 24 iyul 2026-cı il tarixində Saatlı Rayon DAİM-in inzibati binasında dəyirmi masa formatında yekun tədbir keçirilib.

Tədbiri layihə rəhbəri Vidadi Quliyev açaraq iştirakçıları salamlayıb, layihənin məqsədi, görülən işlər və nəticələr barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində Saatlı rayonunun kəndlərində keçirilən maarifləndirici seminarlar torpaq sahibləri tərəfindən böyük maraqla qarşılanıb.

Layihənin eksperti A. Adilov keçirilən seminarların nəticələri, torpaq sahiblərinin təklif və problemləri barədə məlumat verərək onların həlli yolları ətrafında fikir mübadiləsi aparıb.

Saatlı Rayon DAİM-in rəhbəri Ağan müəllim 2026–2030-cu illər üçün Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramı barədə məlumat verib. O bildirib ki, kooperativ təsərrüfatlarının yaradılması istehsal xərclərini azaldacaq, məhsuldarlığı artıracaq və məhsulların bazara çıxış imkanlarını genişləndirəcək.

Ekspert qeyd edib ki, kiçik pay torpaq sahibləri aqrotexniki tələbləri təkbaşına yerinə yetirməkdə çətinlik çəkdiklərindən məhsuldarlıq aşağı olur. Kooperativ təsərrüfatlarının yaradılması isə xərclərin azalmasına və məhsuldarlığın artmasına imkan yaradır.

Dəyirmi masa zamanı kəndlərdə torpaq sahiblərinin səsləndirdiyi təkliflər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Tədbirin sonunda hazırlanmış Təkliflər paketi”nin aidiyyəti dövlət qurumlarına və KTN-ə təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, layihə torpaq sahiblərinin kooperativ təsərrüfatları barədə məlumatlılığının artırılmasına və təkliflərinin ümumiləşdirilməsinə mühüm töhfə verib.

Sonda “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi DAİM rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.