Koronavirus peyvəndi ABŞ-da insanlar üzərində sınaqlara hazırdır

06 May 2020 - 09:30

İki dərman şirkətinin eksperimental koronavirus peyvəndinin insanlar üzərində ilkin sınaqları üçün ABŞ-a çatdırıldığı bildirilir.

ABŞ-ın dərman istehsalçısı Pfizer Inc və Almaniyanın BioNTech SE şirkətləri keçirilən sınaqlarda vaksinin təhlükəsiz və təsirli olduğu sübut edilsə, ilin sonuna qədər peyvəndin ABŞ-da geniş şəkildə paylanmasına hazır ola biləcəyini açıqlayıb.

Peyvənd Cons Hopkins Universitetinin statistikasına görə, bu vaksin ABŞ-da 1 milyondan çox insana yoluxmuş və təxminən 69.000 nəfərin ölümünə səbəb olan koronavirusla mübarizədə istifadə üçün təsdiqlənmiş ilk vaksinlərdən biri ola bilər. ABŞ yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Şirkətlər vaksinin hazırlanması üçün daha sürətli istehsala imkan verən mRNA texnologiyasından istifadə etdiyini qeyd edib.

ABŞ biotexnoloji şirkəti Moderna Inc və ABŞ hökuməti bənzər texnologiyadan istifadə etməklə peyvənd üzərində işləyir. Vaksinin 1-ci faza sınaqları davam edir və orta mərhələli sınaqların bu rübdə başlaması planlaşdırılır.

Pfizer ötən həftə peyvəndin ABŞ-ın Ərzaq və Dərman İdarəsi tərəfindən oktyabr ayının əvvəlində təsdiqlənə biləcəyinə dair nikbinlik ifadə edib.