Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, S.Babayev qeyd olunan pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, habelə dünya iqtisadiyyatına ciddi zərbə vuran bu pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərinin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb.
O, bu tədbirlərin əsas prioritetlərindən birinin pandemiyanın milli iqtisadiyyata ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli olduğunu vurğulayıb.
İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər planının layihəsi müzakirə olunub.
Eyni zamanda, işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə aşağıdakı Bildirişin çatdırılması qərara alınıb:
“Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir. Dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə 1 (bir) milyard manat vəsait ayrılıb, habelə müvafiq Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub.
Göründüyü kimi, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər.
İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək”.
Bildiriş artıq nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində işəgötürənlərin nəzərinə çatdırılır.
Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Dövlət Miqrasiya Xidmətinin rəisi, İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Mərkəzi Bankın sədrinin müavini, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.