“Koronavirusla mübarizədə vəfat edən həkimlər şəhiddirlər” –

Şeyxülislam Allahşükür Paşazadə
04 Aprel 2020 - 15:28

“Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə  Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirusla mübarizədə iştirak edənlər sanki mübaribədə düşmənlə üzbəüz gələrək canını, qanını qurban verirlər: “Ona görə də biz həmin insanların qədrini bilməliyik. Allahın bizə bəxş etdiyi bu canı qorumalıyıq. Bu, bizim borcumuzdur. Eyni zamanda ehtiyacı olan insanlara kömək etmək savab işdir. Lakin kimsə bu məsələdə qanuna riyaət etmədən başqasını da xəstələndirirsə və onlar rəhmətə getsə, onun bütün insanlığı öldürən qədər günahı var. Çünki həmin şəxs tək özünü deyil, başqalarının da həyatını təhlükəyə atmış olur”.

QMİ sədri baş verənləri imtahan adlandırıb: “Bu, bizim üçün böyük imtahandır”.

“Mən özüm heç evdə qalmayan insan kimi bu məsələnin nə qədər çətinliklərinin olduğunu görürəm. Bəzən insanın sadəcə telefonla ehtiyacı var ki, deyəsən səbr elə və hər şey yaxşı olacaq. Heç olmasa bunu ailə üzvlərimizə deməliyik”.

O bildirib ki, bu gün bəzi insanlar alim olmasa da, alimlik edirlər: “Baş verənləri Allahla əlaqələndirirlər. Bəzən insanlar təbiəti o qədər istismar edib ki, bu gün təbiət insana dözmür. Lakin bu gün həmin insanlar aciz qalıb”.