Yerə yaxın orbitdə tibb sahəsində tarixi əhəmiyyət daşıyan eksperiment uğurla başa çatıb. Alimlər tarixdə ilk dəfə insanın rentgen görüntülərini birbaşa kosmosda əldə ediblər. Sınaqlar göstərib ki, kompakt rəqəmsal rentgen avadanlığı mikroqravitasiya şəraitində də effektiv işləyə bilir.
Azpost.info bildirir ki, bu barədə RSNA məlumat yayıb.
Eksperiment Fram2 kosmik gəmisinin üç gün yarım davam edən qütb missiyası zamanı həyata keçirilib. Ekipaj üzvləri uçuşdan əvvəl Yer üzərində sınaqdan keçirilmiş adi portativ kommersiya rentgen sistemindən istifadə ediblər.
Maraqlıdır ki, astronavtların xüsusi tibbi təhsili olmayıb. Onlar kosmosa yollanmamışdan əvvəl cəmi dörd saatlıq qısa təlim keçiblər və bundan sonra orbitdə rentgen prosedurunu müstəqil şəkildə yerinə yetiriblər.
Əldə olunan görüntülər missiyadan əvvəl Yer üzündə çəkilmiş nəzarət rentgenləri ilə müqayisə edilib. Təhlillər göstərib ki, kosmosda çəkilən rentgen şəkillərinin keyfiyyəti demək olar ki, Yer üzündə alınan görüntülərlə eynidir. Mütəxəssislər kontrast və görüntü aydınlığında ciddi fərq qeydə almayıblar.
Yeganə çətinlik mikroqravitasiya şəraitində xəstənin bədəninin, xüsusilə də gövdə nahiyəsinin düzgün vəziyyətdə saxlanılması olub.
Rentgen cihazı texniki yoxlamada da istifadə edildi
Portativ rentgen aparatı təkcə ekipaj üzvlərinin müayinəsi üçün deyil, həm də kosmik gəmidəki bəzi avadanlıqların daxili quruluşunu sökmədən yoxlamaq məqsədilə istifadə olunub.
Missiya başa çatdıqdan sonra cihaz Yerə qaytarılıb. Atmosferin sıx qatlarından keçərkən cüzi xarici zədələr alsa da, tam işlək vəziyyətdə qalıb.
Ay və Mars missiyaları üçün mühüm addım
Mütəxəssislər bildirirlər ki, gələcəkdə Aya və Marsa planlaşdırılan uzunmüddətli ekspedisiyalar zamanı astronavtların sınıq, çat və digər xəsarətlərin operativ diaqnostikası üçün etibarlı görüntüləmə sisteminə ehtiyacı olacaq.
İndiyədək orbitdə istifadə edilən yeganə tibbi görüntüləmə üsulu ultrasəs müayinəsi idi. Rentgen texnologiyasının tətbiqi kosmik tibbin imkanlarını xeyli genişləndirəcək.
Bununla belə, alimlər qeyd edirlər ki, bu texnologiyanın müntəzəm istifadəsi üçün mikroqravitasiya şəraitində insan bədəninin sabit vəziyyətdə saxlanılmasına imkan verən yeni protokolların hazırlanması hələ də vacibdir.
Nadir Talıbov