“Kredit faizlərini Mərkəzi Bank yox, bazar müəyyən edir” –Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, ölkədə biznes kreditləşməsi ilə bağlı səsləndirilən “sərt tənzimləmə” iddiaları reallığı əks etdirmir.

AZPOST xəbər verir ki, Taleh Kazımov bu barədə AZTV-yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Mərkəzi Bank biznes kreditləşməsində sərt deyil, əksinə, beynəlxalq standartlarla müqayisədə daha yumşaq tələblər tətbiq edir.

“Biz Bazel Komitəsinin tələblərini Mərkəzi Bankın mövcud qaydaları ilə müqayisə etdikdə görürük ki, Azərbaycanda biznes kreditləşməsi üzrə kifayət qədər yumşaq yanaşma mövcuddur. Əksini iddia edənlər ya Mərkəzi Bankın tələblərini, ya da beynəlxalq təcrübəni kifayət qədər yaxşı bilmirlər”, – deyə o bildirib.

“10-15 milyon manatadək girovsuz kredit mümkündür”

Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın biznes kreditləri üzrə ümumi girov tələbi yoxdur.

Onun sözlərinə görə, yalnız bankın məcmu kapitalının 10 faizindən artıq olan kreditlər üçün təminat tələb edilir.

“Bu gün sistem əhəmiyyətli banklar istisna olmaqla, əksər banklar bir borcalana təxminən 10-15 milyon manatadək girovsuz kredit verə bilərlər. Yalnız bu həddi aşan kreditlər üçün təminat tələb olunur və girovun dəyəri kredit məbləğinin 150 faizi səviyyəsində olmalıdır”, – deyə Mərkəzi Bank sədri vurğulayıb.

Kazımov əlavə edib ki, girovların qiymətləndirilməsi sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində hökumət və maliyyə sektoru ilə birgə iş aparılır və yaxın zamanda bu sahədə yeniliklərin tətbiqi gözlənilir.

“Kredit faizlərini bazar müəyyən edir”

Mərkəzi Bank sədri kredit faizlərinin inzibati qaydada müəyyən edilmədiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, kredit faizləri ilk növbədə bankların vəsaiti hansı faizlə cəlb etməsindən asılıdır. “Hazırda bankların vəsaitlərinin orta maya dəyəri təxminən 9 faizdir. Bunun üzərinə əməliyyat xərcləri, kredit riski və bankın marjası əlavə olunur. Nəticədə kredit faizləri ikirəqəmli səviyyədə formalaşır”, – deyə Kazımov bildirib.

O qeyd edib ki, Mərkəzi Bankın təhlilləri kredit faizlərində 1-4 faizlik dəyişikliklərin kreditləşmənin həcminə ciddi təsir göstərmədiyini göstərir.

Misal olaraq Kazımov bildirib ki, 2025-ci ilin iyul ayında kredit faizləri 19 faizə yüksəlsə də, həmin il kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 18 faiz artıb.

“Mərkəzi Bank kredit faizlərini administrativ qaydada idarə etmir. Kreditlərin faiz dərəcəsini bazar formalaşdırmalıdır”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.