“Kreml rus mafiyasına casusları maliyyələşdirmək göstərişi verib”- “The Economist”

Ukraynadakı müharibəyə görə beynəlxalq sanksiyaların tətbiqi, Rusiyanın qlobal maliyyə sistemindən və müasir texnologiyadan uzaq düşməsi Moskvanı xaricdəki rus mafiyasına üz tutmağa məcbur edib.

Azpost.info xəbər verir ki, beynəlxalq cinayət və kəşfiyyat üzrə mütəxəssis Mark Qaleotti “The Economist”ə bildirib ki, Kreml əvvəllər nadir hallarda istifadə etdiyi mütəşəkkil cinayətkarlıqla əlaqələrini gücləndirib və öz nümayəndələrinə gəlirlərin bir hissəsini rus casuslarının fəaliyyətini maliyyələşdirmək üçün “qara hesablara” köçürmək tapşırığı verib.

Həmçinin, onun sözlərinə görə, cinayətkarlar sanksiyalardan yan keçmək, xüsusən də Rusiyanın hərbi ehtiyacları üçün lazım olan yarımkeçiricilərin tədarükünü təşkil etmək üçün cəlb edilir.

Rusiya prezidenti Vladimir Putinin 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə Rusiyanın xaricdəki casus şəbəkəsinə ciddi ziyan vurub. Finlandiyanın xarici kəşfiyyat xidmətinin direktoru Antti Pelttari bildirib ki, bu, diplomatik pərdə altında çalışan casusların kütləvi şəkildə qovulması, agentlərin həbsi və Avropada yaranan düşmən atmosferin nəticəsidir.

“Kreml kibercasusluğa arxalanaraq və qaçqın qiyafəsində Qərbə yeni casuslar göndərməklə casus şəbəkəsindəki itkiləri kompensasiya etməyə çalışır, lakin onlar təlim, təcrübə və məlumat mənbələrinin olmaması səbəbindən keçmiş agentləri tam əvəz edə bilmirlər”, – Qərb rəsmiləri deyirlər.

“Rusiya üçün başqa bir problem ABŞ, Aİ və digər inkişaf etmiş ölkələrin Moskvaya tədarükünü qadağan etdiyi elektron komponentlərə və yarımkeçiricilərə çıxışdır. O cümlədən müasir elektronikanın olmaması səbəbindən Rusiya hərbi-sənaye kompleksi Ukraynadakı texnika itkisini ödəyə bilmir. Bu, həm raketlərə, həm də tanklara aiddir”, – “The Economist” yazıb.

Bununla belə, Moskva sanksiyalardan yan keçməyin yollarını axtarır. Belə ki, məsələn, ötən ilin payızında Milanda Krasnoyarsk diyarının qubernatoru Artem Ussun oğlu saxlanılıb. ABŞ səlahiyyətliləri onu döyüş təyyarələri, raket sistemləri, ağıllı döyüş sursatları, radarlar, peyklər və digər hərbi məhsullar üçün saxta şirkət vasitəsilə Amerika elektronikası almaqda ittiham edib.

Şirkət Almaniyanın Hamburq şəhərində yerləşirdi və alınan mallar Rusiyadakı son istehlakçılara göndərilirdi. Sonradan bu sxem üzrə gətirilən komponentlər Ukraynada döyüş meydanında ələ keçirilən Rusiya hərbi texnikasında tapılıb.

Bu cür sxemlər, eləcə də “dost” ölkələrin kiçik şirkətlərinin köməyi ilə 2022-ci ilin aprelindən noyabrınadək sanksiyalarla qadağan olunmuş yarımkeçiricilərin Rusiyaya idxalının həcmi 2,6 milyard dollara çatıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.