Küçədə yaşayan qoca kişinin hesabında 100 min manat tapıldı– Pul 10 il ərzində yığılıb

Çinin Çande şəhərində 71 yaşlı evsiz kişinin bank hesabında 424 min yuandan (təxminən 100 min manat) çox vəsait aşkarlanıb.

Bu barədə South China Morning Post yazıb.

Məlumata görə, həmin şəxs 30 il ərzində dövlət mağazasında işləyib. Lakin 2000-ci illərin əvvəllərində işdən çıxarılıb. Bundan sonra onun maddi vəziyyəti pisləşib. Kişi borca düşüb, yaxınları ilə münasibətləri pozulub və yoxsulluq içində yaşamağa başlayıb. O, zibilliklərdən topladığı əşyaları sataraq dolanıb. 2015-ci ildə Çu adlı kişi pensiya yaşına çatıb. Lakin o, pensiya almaq hüququnun olmadığını düşünüb.

Sosial xidmət əməkdaşları onu tərk edilmiş binada tapıblar

2024-cü ilin qışında sosial xidmət əməkdaşları tərk edilmiş binada yaşayan kişini tapıblar. Onun şəxsi məlumatlarını yoxlayan əməkdaşlar pensiya hesabında böyük məbləğdə pul toplandığını müəyyən ediblər. Məlum olub ki, vəsait 10 il ərzində istifadə edilməyən pensiya ödənişlərindən yığılıb.

Sentyabrın sonunda kişiyə bank kartı təqdim edilib və hesabındakı vəsaitdən istifadə edə bilməsi təmin olunub. Sosial xidmət əməkdaşları ona pulu qorumağı və telefon fırıldaqçılarının tələsinə düşməməyi tövsiyə ediblər. İndi Çu Çande şəhərində mənzil kirayələmək, daha sonra isə doğma şəhəri Çjucjouya getmək istəyir.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.