Kürdə batan 17 yaşlı qız idmançı imiş– Son hadisənin təfərrüatları

Samux rayonunda Kür çayında boğulan 17 yaşlı Gülnaz Məmmədovanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Gəncə şəhər sakini olan yeniyetmə ailəsi ilə birlikdə çay kənarına istirahətə gedib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə üzvlərinin çayda çimdiyi vaxt baş verib.

Gülnazın nənəsinin sözlərinə görə, nəvəsi suda olarkən qəfil gözdən itib. Ailə üzvləri onun köməyinə getməyə çalışsalar da, qızı tapa bilməyiblər.

Nənəsi bildirib ki, Gülnaz əvvəllər də həmin əraziyə gəlib və yaxşı üzə bilib. Onun sözlərinə görə, yeniyetmə suda qardaşının boğulduğunu düşünərək onun arxasınca suya girib.

Hadisə zamanı axtarış-xilasetmə işləri aparılıb və daha sonra Gülnaz Məmmədovanın meyiti sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Gülnaz idmançı olub

Faciə nəticəsində həyatını itirən 17 yaşlı Gülnaz Məmmədovanın idmanla məşğul olduğu da məlum olub.

O, Samuxu kikboksinq üzrə yarışlarda təmsil edib və bir sıra turnirlərdə uğur qazanıb.

Gülnaz sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal əldə edib.

Nənəsinin sözlərinə görə, Gülnaz bu il 11-ci sinfi bitirib.

17 yaşlı idmançının Kür çayında boğulması ilə bağlı araşdırma aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.