Əmlak bazarı iqtisadiyyatı dəyişir –Azərbaycanda tikintinin ÜDM-də payı 6,5%-ə çatıb

Daşınmaz əmlak bazarında baş verən dəyişikliklər yalnız mənzil qiymətləri və alqı-satqı statistikası ilə məhdudlaşmır. Tikinti layihələri, məşğulluq, investisiyalar, vergi daxilolmaları və xidmət sektorunun fəaliyyəti birbaşa əmlak bazarındakı dinamika ilə əlaqəlidir. Azərbaycanda son illər tikinti və daşınmaz əmlak sektorunda artan aktivlik də iqtisadiyyatın ümumi göstəricilərinə təsir edən əsas amillərdən birinə çevrilir.

Azpost.info bildirir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti sədrinin birinci müavini Fərid Rüstəmov daşınmaz əmlak sektorunun iqtisadiyyata təsirini şərh edərkən bildirib.

Tikinti ÜDM-in 6,5 faizini formalaşdırır

F.Rüstəmovun sözlərinə görə, Azərbaycanda tikinti və daşınmaz əmlak sektorunda müşahidə olunan aktivlik iqtisadiyyatın ümumi dinamikasında da özünü göstərir.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən ekspert bildirib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında tikinti sektoru ÜDM-in 6,5 faizini təşkil edib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının qiymətləndirmələri də son illərdə tikinti sektorunun həm nominal həcminin, həm də ümumi daxili məhsulda payının artdığını göstərir.

Bu dinamikanın arxasında bir neçə əsas amil dayanır. Bunlar arasında Bakı və ətraf ərazilərdə həyata keçirilən iri tikinti layihələri, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri və daşınmaz əmlak bazarında formalaşan yüksək tələb xüsusi yer tutur.

Qarabağdakı quruculuq əmlak bazarına da təsir edir

Ekspert hesab edir ki, Azərbaycanda daşınmaz əmlak sektorunun inkişafı dövlətin həyata keçirdiyi infrastruktur və quruculuq siyasəti ilə birbaşa bağlıdır.

Yeni yolların çəkilməsi, infrastrukturun genişləndirilməsi və yaşayış məntəqələrinin inkişafı ərazilərin iqtisadi cəlbediciliyini artırır. Bu isə öz növbəsində həmin ərazilərdə torpaq və daşınmaz əmlaka olan tələbin formalaşmasına təsir göstərir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr yalnız tikinti şirkətləri üçün deyil, nəqliyyat, logistika, xidmət, pərakəndə ticarət və digər sahələr üçün də əlavə iqtisadi imkanlar yaradır.

Dünyada daşınmaz əmlakın dəyəri 393 trilyon dollardır

F.Rüstəmov daşınmaz əmlakın qlobal iqtisadiyyatdakı rolunun da böyük olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Savills-in araşdırmasına əsasən, 2026-cı ilin əvvəlinə dünyada bütün daşınmaz əmlakın ümumi dəyəri təxminən 393,3 trilyon ABŞ dollarına çatıb.

Bu rəqəm qlobal ÜDM-dən təxminən dörd dəfə çoxdur.

Bu baxımdan daşınmaz əmlak dünyanın ən böyük sərvət ehtiyatlarından biri hesab olunur. Əmlak bazarında qiymətlərin və aktivliyin dəyişməsi bu səbəbdən yalnız tikinti sektoruna deyil, bank, sığorta, investisiya və digər maliyyə sahələrinə də təsir göstərə bilər.

ABŞ-da əmlak sektorunun iqtisadi çəkisi

AQC rəsmisi ABŞ təcrübəsini də nümunə göstərib.

Onun sözlərinə görə, ABŞ-da əmlak, icarə və lizinq sənayesi iqtisadiyyata ən böyük töhfə verən sahələrdən biridir.

Milli Rieltorlar Assosiasiyasının hesablamalarına əsasən, 2025-ci ildə bu sektorun ABŞ iqtisadiyyatına töhfəsi təxminən 4,9 trilyon dollar, yaxud ölkənin ÜDM-nin 18 faizi həcmində olub.

Bu göstərici daşınmaz əmlakın iqtisadiyyat üçün yalnız istehlak və investisiya obyekti olmadığını, həm də çoxsaylı digər sahələri hərəkətə gətirən sektor olduğunu göstərir.

Azərbaycanda əmlak bazarının inkişafı üçün nə lazımdır?

F.Rüstəmovun fikrincə, Azərbaycanda sektorun daha da inkişafı üçün sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, tikinti layihələrinin həyata keçirilməsində bürokratik maneələrin azaldılması və ipoteka bazarının səmərəliliyinin artırılması vacibdir.

Çünki daşınmaz əmlak bazarının aktivliyi yalnız yeni binaların tikilməsi ilə müəyyən olunmur.

Mənzil alan vətəndaş bank kreditindən istifadə edir, tikinti şirkəti işçi çalışdırır, tikinti materialları alır, dövlət vergi əldə edir, daşınmaz əmlakın alqı-satqısı və qeydiyyatı ilə bağlı xidmətlər genişlənir. Mənzilə köçən ailə isə mebel, məişət texnikası və digər məhsullara tələbi artırır.

Beləliklə, bir daşınmaz əmlak layihəsinin yaratdığı iqtisadi effekt bir neçə sektor üzrə yayıla bilir.

Əmlak bazarının böyüməsi nə deməkdir?

AQC rəsmisi vurğulayıb ki, daşınmaz əmlak sektorunun inkişafını yalnız əmlak bazarının genişlənməsi kimi qiymətləndirmək düzgün deyil.

Sektorun aktivləşməsi yeni iş yerlərinin yaranmasına, tikinti və xidmət sahələrinin canlanmasına, investisiya fəallığının artmasına və dövlət büdcəsinə daxilolmaların genişlənməsinə səbəb ola bilər.

Bu baxımdan daşınmaz əmlak sektorunun dinamikası bütövlükdə iqtisadi aktivliyin mühüm göstəricilərindən biri hesab edilə bilər.

F.Rüstəmov hesab edir ki, Azərbaycanda daşınmaz əmlak sektorunun ÜDM-də payının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.

Başqa sözlə, əmlak bazarındakı artım yalnız mənzil qiymətlərinin yüksəlməsi və ya yeni binaların çoxalması deyil. Sektorun inkişafı tikinti, maliyyə, xidmət, logistika və digər istiqamətlərdə iqtisadi fəallığın artmasına səbəb olmaqla ümumi iqtisadi artıma əlavə dəstək verə bilər.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.