Rusiya silahlı qüvvələri Ukrayna qoşunlarını sıxışdırıb çıxarmaq üçün artıq üçüncü gündür ki, Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatı keçirir, lakin bu hücum Rusiya üçün fəlakətə çevrilib.
Azpost.info bildirir ki, bu barədə BİLD qəzeti məlumat yayıb.
Qəzetin açıq məlumatların təhlili üzrə ekspert Culian Röpkenin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yalnız iki kiçik yaşayış məntəqəsini – Poqrebki və Darinonu geri ala bilib, bu zaman böyük itkilərlə üzləşib. “Bu əks-hücum nəticəsində Rusiya əsasən müasir BTR-82A olmaqla 28 zirehli texnikasını itirib, 200-dən çox əsgəri ölüb və yaralanıb. Vladimir Putin və onun generalları üçün bu fəlakət oldu”, – Röpke yazır.
Ukrayna qoşunları avqustun 6-da Kursk vilayətinə hücuma başlayıb. Baş komandan Aleksandr Sirskinin sözlərinə görə, döyüşlərin ilk həftəsində onlar təxminən 1300 kvadrat kilometr ərazini nəzarətə götürərək 100-ə yaxın yaşayış məntəqəsini ələ keçiriblər.
Sentyabr və oktyabr aylarında rus qoşunları əks hücuma cəhd edib. Oktyabrın ortalarına qədər DeepState analitik layihəsinə görə, təxminən 615 kvadrat kilometr ərazi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalıb. Daha 309 kv. km “boz zona” adlanan ərazi olub. Bunun fonunda Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində “bufer zona”nın yaradılmasının Ukrayna işğalının strateji məqsədlərindən biri olduğunu və Ukrayna qoşunlarının öz mövqelərini saxlamaqda davam etdiyini bildirib.
Noyabrın 10-da “The New York Times” ABŞ və Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən yazıb ki, Rusiya Müdafiə Nazirliyi Kursk bölgəsini azad etmək üçün 50 min nəfərlik zərbə qüvvəsi formalaşdırıb. Buraya Rusiya hərbçilərindən əlavə KXDR-dən olan hərbçilər də daxil edilib.