Lənkəranda ekoturizmlə bağlı təqdimat keçirilib

17 Sentyabr 2021 - 17:13

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran şəhərində yerləşən Palıdlı Sahil mehmanxanasında növbəti təqdimatı keçirib.

Layihənin icraçıları Avrasiya Əməkdaşlıq Fondu və Konstitutsiya Araşdırmalar Fondunun nümayəndələri, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin regional şöbəsinin, KOBİA, KOB İnkişaf Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi konfransa Lənkəran iqtasadi bölgəsində fəaliyyət göstərən kənd təsərrüfatı və turizm fəaliyyətini uğurla birləşdirmək potensialı olan kiçik və orta təsərrüfat sahibləri böyük maraq göstəriblər.

Konfransın açılış nitqini edən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev regionun turizm potensialını yüksək qiymətləndirərək, Azərbaycan Respublikasında turizmin inkişafına olan dövlət dəstəyi və marağını diqqətə çatdıraraq layihənin Lənkəran iqtisadi regionu üçün faydası və əhəmiyyətini vurğulayıb. Konfransa dəvət olunan yerli dövlət qurumlarının nümayəndələri də öz növbəsində turizmin Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələnməsində rolunu və bu sahədə görülən işləri qeyd ediblər. Daha sonra Avrasiya Əməkdaşlıq Fondunun layihə üzrə regional koordinatoru Ramin Səfərzadə layihə haqqında qısa təqdimat edərək layihənin məqsəd və hədəfləri, icra olunan işlər, gələcək mərhələlər və əldə olunması gözlənilən nəticələr haqqında məlumat verib.

Konfransın keçirilməsində əsas məqsəd layihə çərçivəsində mütəxəssislər tərəfindən regionun aqrar və eko turizm məkanları üçün hazırladıqları inkişaf strategiyalarının təqdim edilməsi olub. Müstəqil ekspert Natiq Mədətov tərəfindən təqdimatı keçirilən inkişaf strategiyasının nümunəsində tədbir iştirakçılarına bu mövzuda təfsilatlı məlumat verildi. Qeyd etmək lazımdır ki, layihənin əvvəlki mərhələsində həyata keçirilən ekspert qiymətləndirmələrinin nəticələrinə əsasən hazırlanmış inkişaf strategiyaları aqrar və eko turizm məkanlarında uğurlu biznes təcrübəsinə töhfə verən sahələrə müraciət edir. Bu isə o deməkdir ki, turizm məkanlarına təqdim olunan inkişaf strategiyaları istər layihə çərçivəsində həyata keçirilən “Biznes plan müsabiqəsi” və “İnvestisiya forumu” kimi növbəti fəaliyyətlərdə, istərsə də turizm məkanlanın özlərinin gələcək müstəqil təşəbbüslərində mühüm sənəd rolunu oynayacaqdır.

Həyata keçirilən konfrans eyni zamanda bütün maraqlı tərəflərə strategiyalar haqqında rəy bildirmək və bir -biri ilə əlaqə qurmaq üçün bir çox imkanlar da təqdim edilmişdir.