Lənkəranda koronavirusla bağlı dezinfeksiya işləri aparılır –

FOTO
24 Mart 2020 - 13:34

Respublikanın digər rayonlarında olduğu kimi, Lənkəranda da koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməkdədir.

Bu məqsədlə Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş qrafik əsasında müvafiq dövlət qurumlarının səyləri ilə şəhər və rayonun bütün ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələri, idarə və təşkilatların inzibati binaları dezinfeksiya edilir.

Bundan əlavə şəhərdəki iki 9 mərtəbəli, həmçinin ayrı-ayrı ünvanlarda yerləşən 70-ə yaxın çoxmərtəbəli binanın girişləri, liftləri, meydançalar, parklar, ictimai nəqliyyat vasitələri, ticarət və ictimai iaşə obyektləri, şəhərin prospekt və küçələri, bazarətrafı və yaşayış məhəllələrinin əraziləri texniki avadanlılar vasitəsi ilə mütəmadi dezinfeksiya olunur.  Dezinfeksiya zamanı istifadə olunan məhlullar virusun tam məhvini təmin edir.

Rayon ərazisində yarana biləcək hər hansı təhlükənin qarşısının alınmasından ötrü  şəhərin bütün xidmət sahələri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı sakinlərə mütəmadi olaraq şəxsi və kollektiv gigiyena tələblərinə riayət etməyin vacibliyi də izah edilir.

Qeyd edək ki, Lənkəranda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək.