Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb.
O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.
V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib.