Ötən ilin noyabrında Lənkəran şəhərinin Səttarxan küçəsi – 8-də yerləşən fərdi yaşayış evində dəhşətli faciə baş verib. Evdə yaranan yanğın zamanı 3 azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilsə də, onlardan biri sağ qalıb.
Belə ki, xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Qudsü həyata qaytarmaq mümkün olub. Lakin digər iki uşaq – 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Quds xəstəxanaya gətiriləndə vəfat ediblər.
Bu ağır faciədən sonra ailə müvəqqəti olaraq Lənkəranın Sahil küçəsi, ev 23 ünvanında məskunlaşıb. Amma indiyə qədər nə kompensasiya verilib, nə evlə təmin olunub, nə də şəxsi vəsaiti hesabına ev tikmək imkanı var.
Bununla bağlı körpələrin anası – Lənkəran sakini, milliyyətcə rus olan Quds Oksana Aleksandrovna I Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Oksana xanımın müraciətinin bir surəti də “Yeni Müsavat”a gəlib və evi yanan, iki balasını itirən ana dövlətdən, M.Əliyevadan köməklik istəyir.
Onun sözlərinə görə, üç övladını tək böyüdüb: “Ötən il noyabrın 11-də səhərə yaxın yaşadığım, mərhum nənəmdən qalmış, Lənkəran şəhərinin Səttarxan küçəsi 8-də yerləşən evdə baş verən yanğında iki övladım yanaraq vəfat edib, biri isə yanıq xəsarətləri alıb. Ev bütünlüklə yandığından əşyalarımız, sənədlərimiz, pulumuz və qiymətli əşyamız tamamilə məhv olub. Soyuq noyabrda evsiz-eşiksiz, heç bir əmlakım olmadan 3 yaşlı körpəmlə çöldə qalmışam. Nə evim var, nə ev tikməyə torpağım…”
O.Aleksandrovna Mehriban Əliyevaya müraciətində kirayədə yaşamağa belə imkanı olmadığını qeyd edir: “Məcburiyyət qarşısında tanışlarımın evində qalıram. Mən milliyyətcə rus olmaqla yanaşı Azərbaycan vətəndaşıyam. Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Bu ölkədə yaşayan hər kəs Azərbaycanı öz vətəni bilir. Azərbaycan dövləti də burada yaşayan vətəndaların milli mənsubiyyətinə fərq qoymadan onlara qayğı göstərir. Bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi diqqəti cəlb edir. Mehriban xanım, rəhbəri olduğunuz Fond həmişə imkansız ailələrə kömək edib. Mən də Allaha və sizə güvənərək düşdüyüm vəziyyətdən çıxmaq üçün köməklik göstərilməsini xahiş edirəm. İnanıram ki, siz də məni naümid qoymazsınız, məndən və körpəmdən qayğını əsirgəməzsiniz.
Hörmətli Mehriban xanım, himayəmdə azyaşlı xəstə uşaq olmasını, onu təkbaşına böyütməyimi, evimin yanması nəticəsində bütün əmlakımın məhv olmasını, qışın soyuğunda çöldə qalmağımızı nəzərə alaraq köməklik göstərməyinizi xahiş edirəm”.
Vətəndaş başına gələn müsibətlə bağlı müxtəlif ünvanlara müraciət edib. O, həm Lənkəran Şəhər İcra Hakimiyyətinə, həm deputat Mixail Zabelinə, həmçinin Azərbaycandakı rus icmasına məktub yazıb. Onun sözlərinə görə, Lənkəran İH-dən ona 500 manat yardım edilib. Lakin evinin tikilməsi üçün böyük məbləğə ehtiyacı var və ümidini M.Əliyevaya bağlayıb.
Məsələ ilə bağlı Lənkəran ŞİH-dən “Yeni Müsavat”a bildirildi ki, Quds Oksana Aleksandrovnanın evinin yanması ilə bağlı “Kapital bank”ın Lənkəran filialında vətəndaşın adına hesab açılıb, İH tərəfindən həmin hesaba 500 manat vəsait köçürülməsi təmin edilib: “Eyni zamanda idarə, müəssisə və özəl təşkilatlara vətəndaşa maddi yardım göstərilməsi üçün açılmış bank hesabına ianələrin köçürülməsi tövsiyə olunub. İmkan daxilində kömək olunub, amma vətəndaşa ev inşa etmək icra hakimiyyətinin imkanları daxilində deyil”. (Musavat.com)