“Lavrovun Bakıya səfərindən bir fayda gözləmirəm” –

Elxan Şahinoğlu
01 May 2021 - 17:07

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mayın 10-da Azərbaycana işgüzar səfər edəcəyi gözlənir.

Bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, S.Lavrov Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Mayın 5-6-da isə o, Ermənistanda olmalıdır.

Sergey Lavrov Azərbaycana nə üçün gəlir?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Sergey Lavrovun səfər trayektoriyası çox maraqlıdır: “O, mayın 5-6-sı Yerevana gedib qayıdır Moskvaya, sonra isə Bakıya gəlir. Yəni, o birbaşa Ermənistandan Bakıya gələ bilərdi və bu vaxt baxımından daha sərfəli olardı”.

Politoloq Azadlıq radiosuna açıqlamasında deyib ki, bu onu göstərir ki, müəyyən sürprizlər var: “Rusiya prosesi yenə də nəzarətdə saxlamaq istəyir. O görür ki, Azərbaycan onun siyasətindən narazıdır və bəzi məsələləri yəqin ki, Azərbaycanı sakitləşdirmək üçün nəzərdən keçirir”.

Ekspert qeyd edib ki, digər tərəfdən Rusiya Türkiyə planlarından ehtiyat edir: “Çünki Lavrovdan sonra Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana gələcək və Ərdoğan anons verib ki, Azərbaycanla birgə addımlar üzərində iş gedir”.

E.Şahinoğlunun vurğulamasına görə, zaman göstərdi ki, Azərbaycan heç vaxt S. Lavrovun səfərlərindən fayda görməyib: “2016-cı ildə aprel savaşları zamanı Bakıya gəlib bizi inandırıb ki, döyüşlər dayandırılsa Ermənistan lazım olan addımları atacaq. Amma heç bir iş olmadı. Mən bu səfərdən bir fayda olacağını zənn etmirəm”.