İyulun 10-da Lerik şəhəri, şəhid İsmayıl Yaqubov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Babayev Çingiz Sulduz oğlunun ailəsinə yeni mənzilin açarları təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lerikli döyüşçülərin igidliyindən, qəhrəmanlıqlarından danışıblar.
Qeyd olunub ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullar hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər. Azərbaycan Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları var.
Diqqətə çatdırılıb ki, ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına yüksək qayğı və diqqət göstərilir.
Lerik rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 50-dən çox fərdi yaşayış evi tikilib, Lerik şəhərində iki 16 mənzilli kommunal yaşayış binası inşa edilib, 40-dan çox müharibə əlilinə minik avtomobili verilib.
Hazırda bu kateqoriyadan olan 20 nəfər üçün fərdi yaşayış evin tikintisi davam etdirilir. Bu il daha 38 şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri üçün yeni yaşayış evinin tikintisi nəzərdə tutulub.
Sonra yeni mənzilin açarları şəhid Çingiz Babayevin anası Sevinc Babayevaya təqdim olunub.
Şəhid anası Sevinc Babayeva çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı etdiyi müraciətlərinə həssaslıqla yanaşıldığına, qısa müddət ərzində onların mənzillə təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən digər iştirakçılar 44 günlük Vətən müharibəsində xalqla iqtidar və ordu birliyinin əzəmətini qeyd edib, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları yeni mənzildə yaradılan şəraitlə tanış olub, şəhidin ailə üzvlərini qiymətli hədiyyələrlə təbrik ediblər.